Psixoloq: Hərəkət etmək qorxusu "təxirə salınmış həyat" sindromuna səbəb olur

SAĞLAMLIQ
23:15 / 17.07.2026
45

"Təxirə salınmış həyat” sindromu çox vaxt səhvən tənbəllik əlaməti kimi qəbul edilir. Lakin əslində bu vəziyyətin səbəbləri dərin psixoloji yanaşmalarla bağlıdır. 

HİT.az xəbər verir ki, bu barədə klinik psixoloq Marianna Abravitova RT-yə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, belə vəziyyətin əsas səbəbi çox vaxt ailə ssenariləri, tərbiyə xüsusiyyətləri və hələ uşaqlıq dövründə formalaşan düşüncə qəlibləri olur.

İnsana davamlı olaraq məktəbi, universiteti bitirdikdən və ya böyüdükdən sonra vacib hadisələrin başlayacağı deyildikdə, onda xoşbəxtlik və uğurun yalnız gələcəkdə olacağı hissi formalaşır.

Psixoloq vurğulayıb ki, əsas “əngəllərdən” biri hərəkət etmək qorxusudur. İnsan səhv etməkdən və qeyri-müəyyənlikdən qorxur. Buna görə də özündən həddindən artıq yüksək tələblər irəli sürür və hər hansı işə başlamazdan əvvəl “120 faiz” hazır olmağa çalışır. Çox vaxt belə düşüncə tərzi aşağı özünəinam və insanın özünü layiqsiz hiss etməsi ilə müşayiət olunur.

“İnsan bu həyatın "başlanmasından" əvvəlki vəziyyətini necə xarakterizə edir? O, bunu fasilədə qalan həyat, durğunluq və narazılıq kimi təsvir edir. Burada tez-tez bəhanə xarakterli ifadələrə rast gəlinir: "Yeni ildən başlayacağam", "ad günümdən sonra başlayacağam" və sair. Bu müddətdə isə insan öz həyatını darıxdırıcı kimi qəbul edir”, deyə mütəxəssis bildirib.

O, xəbərdarlıq edib ki, belə vəziyyətin əsas təhlükəsi insanın ideyalarını həyata keçirməyi daim təxirə salmasıdır. Arzuladığı gələcəyi əlçatmaz bir perspektiv kimi qəbul etdiyi üçün həmin gələcək heç vaxt reallaşmaya bilər.

Samir
 

0