İntensiv sağlamlıq proqramlarının əvəzinə su üzərində və sahilboyu yaşanan autentik təcrübələr – dəniz gəzintiləri, səhər üzgüçülüyü, sahil boyunca sakit yürüşlər və ya yaxta səyahətləri daha çox dəyər qazanır. Elmi araşdırmalar göstərir ki, su hövzələrinin yaxınlığında qısa müddət keçirmək belə stress səviyyəsini azaldır, əhval-ruhiyyəni və diqqətin cəmlənməsini yaxşılaşdırır.
HİT.az xəbət verir ki, Egey və Aralıq dənizləri boyunca minlərlə kilometrlik sahil xəttinə malik olan Türkiyə əfsanəvi "Blue Voyage" ("Mavi səyahət") marşrutları vasitəsilə "Blue Mind" konsepsiyasını yaşamaq üçün ən əlverişli istiqamətlərdən biridir. Burada həyat dənizin təbii ritminə uyğun davam edir: yaxtalar sakit körfəzlər arasında hərəkət edir, firuzəyi sularda lövbər salır və hər gün təbiətlə harmoniyanı yenidən hiss etmək imkanı yaradır.
Türkiyənin Turizmin İnkişafı və Təşviqi Agentliyi ölkə sahilləri boyunca ən mənzərəli "Mavi səyahət" marşrutlarını təqdim edib.
İzmir, Çeşmə və Alaçatı – Egey küləyinin ünvanı
Marşrut Türkiyənin qərbində yerləşən İzmirdən başlayaraq şimaldan cənuba doğru uzanır və hər dayanacaqda yeni təbiət mənzərələri ilə mədəni təəssüratlar təqdim edir. Sərin Egey küləyi, sahil qəsəbələri və büllur təmiz körfəzlər dəniz səyahəti üçün ideal şərait yaradır.
Egey sahillərinin incisi sayılan İzmir yaxta marşrutları, zeytun və şərab yolları, zəngin qastronomiyası və "MICHELIN" bələdçisinə daxil edilmiş restoranları ilə tanınır.
Bölgənin ən məşhur kurortlarından olan Çeşmədə Ilıca, Ayayorqi, Pırlanta, Boyalık körfəzləri və Eşşək adası yaxınlığında lövbər salmaq mümkündür. Yaxınlıqda yerləşən Alaçatı isə dünyanın ən məşhur vindsörfinq mərkəzlərindən biridir.
Tövsiyə olunur: "MICHELIN" tərəfindən tövsiyə edilən restoranları ilə seçilən Urla şəhərini ziyarət etmək. Burada "farm-to-table" konsepsiyası əsasında üzvi məhsullar, təzə dəniz məhsulları, Egey otları və yerli şərablar təqdim edilir.
"Mavi səyahət"in vətəni – Bodrum
Növbəti əsas dayanacaq Türkiyədə "Mavi səyahət" ənənəsinin yarandığı Bodrumdur. Kurort lüks hotelləri, yüksək səviyyəli çimərlik infrastrukturu, "MICHELIN" restoranları və Egey dənizində ən gözəl yaxta marşrutları ilə seçilir.
Ənənəvi türk "gulet" yaxtasında səyahət edənlər Gümüşlük, Bitez, Yalıkavak, Göltürkbükü körfəzlərini və Orak adasını kəşf edə, üzgüçülük, snorkel və sualtı aləmi müşahidə edə bilərlər. Marşrut daha sonra Maden körfəzi, İngilis limanı, Dovşan adası və Akyakanın yerləşdiyi Gökova körfəzinə davam edir.
Tövsiyə olunur: Bodrum qalasını və burada yerləşən Sualtı Arxeologiyası Muzeyini, dünyanın yeddi qədim möcüzəsindən biri olan Halikarnas mavzoleyinin qalıqlarını, həmçinin təzə dəniz məhsulları və zeytun yağlı Egey mətbəxi təqdim edən restoranları ziyarət etmək.
Datçadan Marmarisə – badam bağları və qədim şəhərlər arasında
Qədim zeytun və badam bağları ilə əhatə olunan Datça yarımadası ənənəvi memarlığı, daş döşənmiş küçələri və toxunulmamış sahilləri ilə diqqət çəkir.
Dəniz səyahəti zamanı Palamutbükü, Hayıtbükü və Akvarium koyu kimi sakit körfəzlər üzgüçülük, snorkel və dalğıclıq üçün ideal imkanlar yaradır.
Marşrut daha sonra Kumlubük, Serçe Limanı, Sedir adası və Bördübet körfəzləri ilə məşhur Marmarisə uzanır.
Tövsiyə olunur: Afrodita məbədi və dənizə panoramik mənzərəsi olan teatrı ilə tanınan qədim Knidos şəhərini, eləcə də bölgənin dənizçilik tarixi və arxeoloji irsinə həsr olunmuş muzeyin yerləşdiyi Marmaris qalasını ziyarət etmək.
Egey sahillərinin inciləri – Göcek və Fethiye
Muğla sahilləri boyunca "Mavi səyahət" Fethiye körfəzi olmadan tam hesab edilmir. Onun mərkəzi Türkiyənin ən nüfuzlu yaxta limanlarından biri olan Göcekdir.
Buradan Göcek adası, Yassıca adaları, Bədri Rahmi körfəzi, Tersane adası və Boynuzbükü istiqamətlərinə marşrutlar təşkil olunur. "Kleopatranın hamamları" kimi tanınan su altında qalmış qədim tikililər xüsusilə böyük maraq doğurur.
Fethiyeyə doğru davam edən marşrut Katrancı körfəzi, dünyaca məşhur Ölüdəniz laqunu və Kabak körfəzindən keçir.
Tövsiyə olunur: Dalyan qəsəbəsini, məşhur qaya məzarları ilə seçilən qədim Kaunos şəhərini və Aralıq dənizində "Caretta caretta" dəniz tısbağalarının əsas yuvalama ərazilərindən biri olan İztuzu çimərliyini ziyarət etmək. Fethiyedə həmçinin Ölüdəniz üzərində paraplan uçuşu etmək tövsiyə olunur.
Firuzəyi final – Kaş və Kekova
"Mavi səyahət"in ideal son nöqtəsi Türkiyə Rivyerasının ürəyi sayılan Antalyadır. Burada Aralıq dənizinin firuzəyi suları möhtəşəm təbiət və zəngin tarixi irslə birləşir.
Ən populyar marşrutlardan biri Kaş və Kekova arasında Limanağzı, Güvercin adası, Aperlai, Tersane körfəzi, Üçağız və Kaleköy üzərindən keçir. Təmiz sularda üzmək, zəngin sualtı aləmi və tarixi abidələrlə tanış olmaq bu marşrutu unudulmaz edir.
Kaş dünyanın aparıcı dalğıclıq istiqamətlərindən biri hesab olunur. Kekovada isə məşhur Batmış şəhərin üzərində kayakla dəniz gəzintisi edərək bölgənin unikal arxeoloji irsini yaxından görmək mümkündür.
Samir


