Azərbaycanda ötən il cinayət törədən gənclərin sayı açıqlandı

ÖLKƏ
17:49 / 15.10.2026
49

2025-ci ildə Azərbaycanda 14-29 yaş aralığında olan 5 581 gənc cinayət törədib. Onların böyük hissəsi oğurluq, narkotik vasitələrlə bağlı cinayətlər və yol hərəkəti qaydalarının pozulması ilə əlaqəli hüquqazidd əməllərə görə qeydə alınıb.

HİT.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir.

Məlumata əsasən, cinayət törətmiş gənclərin 134-ü 14-15, 344-ü 16-17, 2 294-ü 18-24, 2 809-u isə 25-29 yaş qrupuna aid olub.

Hesabat dövründə cinayət törətmiş gənclər arasında 178 nəfər xüsusilə ağır, 690 nəfər ağır, 2 663 nəfər az ağır cinayətlərə yol verib. Daha 2 050 nəfərin törətdiyi cinayətlər böyük ictimai təhlükə törətməyən əməllər kimi təsnif olunub.

Cinayət növləri üzrə göstəricilərə gəlincə, gənclər tərəfindən 849 oğurluq, 340 dələduzluq, 275 xuliqanlıq, 127 qəsdən sağlamlığa ağır zərərvurma və 95 qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd hadisəsi qeydə alınıb.

Bundan başqa, 66 soyğunçuluq, 64 quldurluq, 42 zorlama və zorlamağa cəhd, 12 banditizm və 3 narkotik vasitələrlə bağlı cinayət qeydə alınıb.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər 1 212 nəfərin göstəricisində əks olunub. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində 719, zərərçəkmişlərin ölümü ilə nəticələnən hadisələr üzrə isə 126 hal qeydə alınıb.

 

0