ABŞ hərbçiləri prezident Donald Trampın döyüş əməliyyatlarını bərpa etmək barədə göstəriş verəcəyi təqdirdə İrana qarşı yeni zərbə planları hazırlayırlar. Bu planlara ABŞ arsenalındakı ən böyük nüvə olmayan bomba – GBU-43/B MOAB-ın istifadəsi də daxil ola bilər.
HİT.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton İranın enerji və nüvə obyektlərini hədəfə almağı nəzərdən keçirir. Lakin ekspertlər “bütün bombaların anası” adlandırılan MOAB-ın effektivliyinə şübhə ilə yanaşırlar. Bomba böyük ərazidə dağıntılara səbəb ola bilsə də, İranın yerin dərinliyində yerləşən və möhkəmləndirilmiş obyektlərini məhv etmək üçün kifayət qədər nüfuzetmə qabiliyyətinə malik deyil.
Mənbələrdən biri MOAB-ın geniş əraziləri məhv etmək üçün nəzərdə tutulduğunu, lakin dərin yeraltı hədəfləri vurmaq üçün hazırlanmadığını bildirib. Eyni zamanda, bu silahın istifadəsi mülki əhali arasında ciddi itkilərə səbəb ola bilər. Trampın bombadan hərbi məqsədlərlə yanaşı, İrana danışıqlarda təzyiq göstərmək üçün psixoloji vasitə kimi də istifadə edə biləcəyi ehtimal olunur.
CNN-in məlumatına görə, ABŞ prezidenti aralıq seçkilərdən əvvəl İranda hərbi əməliyyatları bərpa etməyi nəzərdən keçirə bilər. Pentaqon quru əməliyyatı da daxil olmaqla müxtəlif ssenariləri qiymətləndirir. Bununla belə, belə bir addımın ABŞ hərbçiləri arasında minlərlə itki ilə nəticələnə biləcəyi bildirilir.
Qeyd edək ki, MOAB ilk dəfə 2017-ci ildə Trampın prezidentliyinin ilk dövründə Əfqanıstanda istifadə olunub. Zərbə İŞİD-in istifadə etdiyi yeraltı tunellər şəbəkəsinə endirilib. Həmin vaxt üç tunel, silah və sursat məhv edilib, mülki əhali arasında itki qeydə alınmayıb.
Samir


