Avstraliyanın mədən şirkəti “Sunrise Energy Metals Ltd.” ölkənin Yeni Cənubi Uels ştatında yerləşən iri skandium yatağının işlənməsinə başlamaq qərarı verib. ABŞ hökumətinin dəstəklədiyi layihə çərçivəsində hasilatın 2028-ci ildə başlanması planlaşdırılır.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Milyarder Robert Fridlandın rəhbərlik etdiyi şirkətin həyata keçirəcəyi Syerston layihəsi yüksək skandium tərkibinə malik ən böyük sənaye yataqlarından biri hesab olunur. Yataqda təmiz skandium ehtiyatının təxminən 19 min–23 min 500 ton olduğu bildirilir. Ümumi filiz ehtiyatı isə 60,3 milyon tona çatır.
İlkin mərhələdə müəssisənin ildə 60 ton skandium istehsal etməsi nəzərdə tutulur. Gələcəkdə bu göstəricinin üç dəfə artırılması mümkündür. Bundan başqa, şirkət ABŞ Müdafiə Nazirliyindən 400 milyon dollara qədər uzunmüddətli borc maliyyələşməsi cəlb etmək imkanı əldə edib.
Skandium müdafiə sənayesi, yüksək texnologiyalı istehsal, süni intellekt infrastrukturu və simsiz rabitə texnologiyaları üçün əhəmiyyətli xammal sayılır. Hazırda dünya bazarına çıxarılan skandiumun əsas hissəsi Çinin payına düşür.
“Sunrise” şirkətinin açıqlamasına görə, Pekinin 2025-ci ildə kritik mineralların ixracına məhdudiyyətlər tətbiq etməsindən sonra Qərb bazarlarının skandiumla təchizatında ciddi problemlər yaranıb. Bu vəziyyət alternativ hasilat mənbələrinin yaradılmasını strateji baxımdan daha vacib edib.
ABŞ və digər aparıcı iqtisadiyyatlar kritik mineralların tədarükünü şaxələndirməyə, texnoloji və müdafiə sənayesi üçün zəruri xammal sahəsində Çindən asılılığı azaltmağa çalışırlar.
Qeyd edək ki, Avropada da nadir torpaq metalları ehtiyatlarının işlənməsi istiqamətində layihələr gündəmdədir. Norveç hökuməti Oslo şəhərindən təxminən 150 kilometr cənub-qərbdə yerləşən Fensfeltet yatağının mənimsənilməsi ilə bağlı 2028-ci ilədək plan hazırlamağı nəzərdə tutur. Həmin yataqda nadir torpaq metallarının oksid ehtiyatının 15,9 milyon ton olduğu təxmin edilir.
Samir


