Qəhvədən imtina qan təzyiqinə necə təsir edir? - Alimlərdən açıqlama

SAĞLAMLIQ
17:40 / 04.11.2026
36

Qəhvədən imtina qan təzyiqinə müəyyən təsir göstərsə də, bu dəyişiklik hər kəsdə eyni olmur. Mütəxəssislər bildirirlər ki, kofein adətən qan təzyiqini qısa müddətə və nisbətən az yüksəldir. Bu təsir qəhvə içildikdən sonra 1,5-9,5 saat davam edə bilər.

HİT.az xəbər verir ki, bu barədə tibbi nəşr “Verywell Health”in araşdırmasında məlumat verilib.

Həkimlərin sözlərinə görə, kofeinin orqanizmə təsiri insanın qəhvə içmə vərdişindən, ilkin qan təzyiqindən, çəkisindən, siqaret istifadəsindən, hamiləlik vəziyyətindən və digər amillərdən asılıdır. Müntəzəm qəhvə içən insanlarda zamanla kofeinə qarşı dözümlülük yarana bilər. Buna görə də onlarda qəhvə qəbulundan sonra təzyiqin yüksəlməsi nadir hallarda və ya daha zəif müşahidə olunur.

“Nutritional Neuroscience” jurnalında dərc edilən araşdırmada 77 sağlam yetkinin iştirakı ilə bu məsələ öyrənilib. Nəticələr göstərib ki, qəhvə içməyə vərdişi olmayan şəxslərdə espresso qəbulundan sonra sistolik, yəni yuxarı qan təzyiqi yüksəlib. Daimi qəhvə istifadəçilərində isə belə dəyişiklik qeydə alınmayıb.

Bununla belə, alimlər kofeinin uzunmüddətli istifadəsinin qan təzyiqinə təsiri ilə bağlı müzakirələrin hələ də davam etdiyini vurğulayırlar.

Araşdırmalarda yüksək təzyiqdən əziyyət çəkən şəxslər üçün daha ciddi risklər də müəyyən edilib. Amerika Ürək Assosiasiyasının jurnalında dərc olunan və 18 609 nəfəri əhatə edən, təxminən 19 il davam edən tədqiqatın nəticələrinə görə, ikinci və üçüncü dərəcəli hipertoniya xəstələri arasında gündə iki və daha çox fincan qəhvə içənlərin ürək-damar xəstəliklərindən, o cümlədən infarkt və insultdan ölüm riski gündə bir fincan və ya daha az qəhvə içənlərlə müqayisədə iki dəfədən çox olub.

Maraqlıdır ki, eyni araşdırmada yaşıl çay qəbulunun hətta yüksək təzyiqdən əziyyət çəkən insanlarda belə ürək-damar xəstəliklərindən ölüm riskini artırmadığı müəyyən edilib.

Mütəxəssislər qəhvədən qəfil imtinanın da müəyyən narahatlıqlara səbəb ola biləcəyini bildirirlər. Son fincandan 12-24 saat sonra yorğunluq, baş ağrısı, əsəbilik, diqqəti cəmləməkdə çətinlik, əhval dəyişikliyi, ürəkbulanma və əzələ ağrıları yarana bilər.

Həkimlər kofeindən imtina etmək istəyənlərə qəhvənin miqdarını birdən-birə deyil, tədricən azaltmağı tövsiyə edirlər. Kifayət qədər su içmək və istirahət etmək də bu dövrün daha rahat keçməsinə kömək edə bilər. Qan təzyiqi ilə bağlı problemi olan şəxslərə isə qəhvə istehlakını dəyişməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Samir
 

0