NATO Rusiyanın mümkün hücumuna qarşı müdafiə strategiyasına yenidən baxır. Alyansın müzakirə etdiyi yeni plan yalnız sərhədlərin qorunmasını deyil, Rusiyanın dərinliklərində yerləşən hərbi bazalara, silah anbarlarına və sənaye obyektlərinə qabaqlayıcı zərbələrin endirilməsini də nəzərdə tutur.
HİT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, iyun ayında NATO-ya üzv ölkələrin yüksək rütbəli hərbi rəsmiləri və dövlət nümayəndələri alyans tarixində ilk dəfə uzaqmənzilli zərbələrə həsr olunmuş simpoziumda iştirak ediblər. ABŞ Hərbi Hava Qüvvələrinin generalı, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçin rəhbərliyi ilə keçirilən müzakirələrdə Rusiyanın ərazisindəki hədəflərin vurulması məsələsi də gündəmə gətirilib.
Nəşrin yazdığına görə, NATO strateqləri hesab edirlər ki, mümkün Rusiya hücumunun qarşısını yalnız sərhədlərdə müdafiə mövqeləri qurmaqla almaq mümkün deyil. Yeni yanaşmaya əsasən, alyans əvvəlcə düşmənin hücumunun ilk dalğasını dayandırmalı, daha sonra onun hərbi imkanlarını zəiflətməlidir.
Qrinkeviçin sözlərinə görə, hücum davam edərsə, NATO qarşı tərəfin müharibə aparmaq qabiliyyətini sıradan çıxarmağa çalışacaq. Bununla belə, strategiya nüvə silahından istifadəyə qədər eskalasiyanı nəzərdə tutmur.
Rusiyanın hansı hədəfləri vurula bilər?
“Wall Street Journal”ın məlumatına əsasən, yeni müdafiə planında əsas yeri yüksək dəqiqlikli uzaqmənzilli silahlar tutur. NATO Rusiyadakı hədəflərə zərbələr endirmək üçün ABŞ istehsalı olan “Tomahawk” və ATACMS, eləcə də Avropanın “Storm Shadow”, SCALP və “Taurus” raketlərini nəzərdən keçirir.
Bundan başqa, Avropada daha ucuz qanadlı raketlərin hazırlanması istiqamətində də işlər aparılır. Norveç Müdafiə Araşdırmaları İnstitutunun baş elmi əməkdaşı Fabian Hoffmanın sözlərinə görə, 20 istehsalçının iştirakı ilə bu sahədə azı 48 yeni layihə elan edilib.
Plan çərçivəsində uzaqmənzilli raketlərdən və dronlardan yalnız hərbi qüvvələrə qarşı deyil, həmçinin sənaye müəssisələri, kritik infrastruktur və hərbi təchizat bazalarına qarşı istifadə edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, NATO-nun yeni müdafiə yanaşması müzakirə olunduğu bir vaxtda Böyük Britaniya və Fransa noyabrın 9-dan 22-dək Polşada “Koalisiya” adlı hərbi təlimlərə rəhbərlik edəcək. Təlimlərdə Ukraynada yerləşdirilməsi mümkün olan çoxmillətli qüvvələrin hazırlığı, komandanlıq sistemi, hərbi texnikanın daşınması və təchizat məsələləri sınaqdan keçiriləcək. Manevrlərə 300 britaniyalı hərbçi və Kral Hərbi Hava Qüvvələrinin aviasiyası cəlb olunacaq.
Samir

