Serbiyada Supermenin "kryptoniti" tapıldı: Avropanın litium ehtiyacının 90 faizini ödəyə bilər

DÜNYA
17:49 / 04.11.2026
40

Serbiyada kimyəvi tərkibi Supermen filmlərindəki məşhur “kryptonit”lə demək olar ki, eyni olan nadir mineral – yadarit aşkar edilib. Ağ rəngli və tozşəkilli quruluşa malik bu mineral təkcə qeyri-adi xüsusiyyətləri ilə deyil, həm də elektrik avtomobillərinin istehsalı üçün əhəmiyyətli litium mənbəyi ola biləcəyi ilə diqqət çəkir.

HİT.az xəbər verir ki, yadarit ilk dəfə 2004-cü ildə serbiyalı geoloqlar tərəfindən aşkarlanıb. Mineralın maraqlı xüsusiyyətləri isə 2007-ci ildə, London Təbiət Tarixi Muzeyinin mineralogiya üzrə mütəxəssisi Kris Stenli onun kimyəvi tərkibini araşdırarkən üzə çıxıb. Alim müəyyən edib ki, yadaritin kimyəvi formulu 2006-cı ildə çəkilmiş “Supermenin qayıdışı” filmində təsvir olunan uydurma kryptonitin tərkibi ilə demək olar ki, üst-üstə düşür.

Filmdə Supermenin düşməni Leks Lüter muzeydən kryptonit nümunəsini oğurlayır. Lakin real yadarit fantastik daşdan bir sıra xüsusiyyətlərinə görə fərqlənir: yaşıl deyil, ağ rəngdədir, radioaktiv xüsusiyyətlərə malik deyil və toz formasındadır.

Alimlərin diqqətini çəkən digər məqam isə bu mineralın indiyədək yalnız Serbiyanın Yadar vadisində aşkarlanmasıdır. Tədqiqatçılar hesab edirlər ki, onun yaranması üçün nadir geoloji şəraitin üst-üstə düşməsi tələb olunur. Təxminən 16 milyon il əvvəl bölgədə mövcud olmuş vulkanik aktivlik və soda ilə zəngin qələvi göllərin qarşılıqlı təsiri yadaritin formalaşmasına şərait yaradıb.

London Təbiət Tarixi Muzeyinin alimləri bildirirlər ki, bu geoloji proseslərin öyrənilməsi dünyanın digər ərazilərində də oxşar yataqların tapılmasına kömək edə bilər.

Yadaritin sənaye baxımından əsas əhəmiyyəti isə tərkibində litium və borun olmasıdır. Litium elektrik avtomobillərinin akkumulyatorlarının istehsalında əsas xammallardan biri hesab olunur. Mineralda litiumun miqdarı bu metalın sənaye üsulu ilə əldə edilməsində geniş istifadə olunan spodumen mineralındakı göstəricilərlə müqayisə edilə bilər.

Məlumata görə, Serbiyadakı yataqda təxminən 100 milyon ton yadarit ehtiyatı olduğu ehtimal edilir. Professor Riçard Herrinqtonun qiymətləndirməsinə əsasən, yatağın işlənməsinə icazə veriləcəyi təqdirdə, bu mənbə Avropanın elektrik avtomobilləri üçün tələb olunan litium ehtiyacının təxminən 90 faizini qarşılaya bilər.

Samir

0