Mal ətinin qiyməti yenidən bahalaşdı – SƏBƏB NƏDİR?

İQTİSADİYYAT
13:45 / 06.08.2026
183

Son günlər Azərbaycanda mal ətinin qiymətində bahalaşma müşahidə olunur. 

Xüsusilə bölgələrdə 1 kiloqram mal ətinin satış qiyməti 17 manatdan 18 manata yüksəlib. Qiymət artımı həm alıcıların xərclərinə təsir göstərib, həm də bazarda satışların həcminə öz təsirini göstərməyə başlayıb. Satıcıların sözlərinə görə, bahalaşmadan sonra alıcılıq qabiliyyəti zəifləyib və əvvəlki dövrlə müqayisədə satışlarda müəyyən azalma hiss olunur. 

Bəs mal ətinin qiymətinin artmasına səbəb nədir və yaxın aylarda bazarda vəziyyət necə dəyişə bilər?

İqtisadçı Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, mal ətinin qiyməti təsadüfən bahalaşmır, bu, “həvəskar” aqrar siyasətin acı nəticəsidir: 

406646

“Belə ki, son aylarda mal ətinin qiymətində müşahidə olunan artımı mövsümi amillərlə və ya bazar qanunları ilə izah etmək doğru deyil. Bu bahalaşma illərdir yığılıb qalan struktur problemlərin, xroniki xəstəliklərin nəticəsidir. Azərbaycanda heyvandarlıq sektorunun məhsuldarlığı hələ də aşağı səviyyədədir. 

Yem istehsalında idxaldan asılılıq qalır, örüş sahələrinin azalması, su çatışmazlığı, damazlıq işinin zəif təşkili və kiçik fermer təsərrüfatlarının maliyyə resurslarına çıxışının məhdudluğu istehsalın maya dəyərini davamlı şəkildə artırır. Fermer bahalı yem alır, bahalı yanacaq istifadə edir, bahalı nəqliyyat xərci ödəyir və nəticədə bu xərclər istehlakçının cibindən çıxır”.

Ekspert qeyd edib ki, digər ciddi problem dövlət dəstəyinin səmərəsizliliyidir: 

“İllərdir kənd təsərrüfatına milyardlarla manat subsidiya və güzəştli kredit ayrılır. Lakin haqlı olaraq sual yaranır ki, əgər bu qədər vəsait xərclənibsə, niyə bazarda qiymətlər sabitləşmir? Niyə yerli istehsal daxili tələbatı tam ödəyə bilmir? Niyə qiymətlərdə ən kiçik təklif azalması belə kəskin bahalaşmaya səbəb olur?

Ərzaq təhlükəsizliyi yalnız taxıl ehtiyatı ilə ölçülmür. Əhalinin münasib qiymətə ət, süd və digər əsas ərzaq məhsullarına çıxışı da ərzaq təhlükəsizliyinin əsas göstəricisidir. Əgər vətəndaşın gəliri dəyişmədiyi halda ətin qiyməti davamlı artırsa, bu, artıq sosial problemə çevrilir”.

A.İbrahimovun sözlərinə görə, qiymət artımına idxal bazarındakı dəyişikliklər, logistika xərcləri və dünya bazarındakı bahalaşma da təsir edir: 
“Ancaq güclü daxili istehsalı olan ölkələr bu təsirləri daha asan kompensasiya edə bilir. Azərbaycanda isə daxili istehsal kifayət qədər rəqabətqabiliyyətli olmadığı üçün xarici şoklar birbaşa istehlak qiymətlərinə ötürülür. Problemin həlli bazara inzibati müdaxilə etmək və ya satıcını günahlandırmaq deyil. 

Həll yolu heyvandarlıqda məhsuldarlığın artırılması, yemçilik təsərrüfatlarının inkişafı, damazlıq proqramlarının gücləndirilməsi, fermerlərin ucuz maliyyəyə çıxışının təmin edilməsi, subsidiya mexanizmlərinin nəticəyönümlü şəkildə yenidən qurulması və aqrar siyasətin real iqtisadi göstəricilər əsasında formalaşdırılmasıdır. 

Əgər bu islahatlar həyata keçirilməsə, mal ətinin qiymətindəki artım müvəqqəti deyil, uzunmüddətli tendensiyaya çevriləcək. Nəticədə həm fermer istehsal xərcləri altında əziləcək, həm də istehlakçı daha bahalı ərzaq almağa məcbur qalacaq. Bu isə inflyasiya təzyiqlərini artırmaqla yanaşı, əhalinin alıcılıq qabiliyyətini daha da zəiflədəcək”.

Günel Cəlilova

0