Strateji əhəmiyyətə malik Babül-Məndəb boğazından gəmiçilik əvvəlki günlə müqayisədə kəskin azalıb.
HİT.az xəbər verir ki, bu barədə gəmiçilik monitorinqi məlumatlarına istinadən "Reuters" xəbər yayıb.
Avqustun 5-də Babül-Məndəb boğazından yalnız bir yük gəmisi keçib. Bu, Baham adaları bayrağı altında üzən quru yük gəmisi olub. Müqayisə üçün, bir gün əvvəl həmin dəniz dəhlizindən 20 belə gəmi hərəkət edib.
Avqustun 5-də İran tərəfindən dəstəklənən Yəmən husiləri Qırmızı dənizdə Səudiyyə Ərəbistanının Yanbu liman şəhəri yaxınlığında neft tankerinə raket zərbəsi endirdiklərini bildiriblər. Onlar həmçinin Ədən körfəzində daha bir Səudiyyə neft tankerinə raket hücumu həyata keçirdiklərini açıqlayıblar. Səudiyyə Ərəbistanı bu insidentlərin heç birini təsdiqləməyib.
Ötən aydan etibarən Yəmən husiləri Qırmızı dənizdə Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiklərini açıqlayıblar. Onlar bunu Ər-Riyadın Yəmənə qarşı tətbiq etdiyi iddia edilən blokadaya cavab kimi qiymətləndirirlər. Səudiyyə hakimiyyəti isə bu ittihamları rədd edir.
Babül-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirən mühüm dəniz qovşağıdır. Bu boğaz Süveyş kanalı vasitəsilə Avropa ilə Asiya arasındakı ən qısa ticarət marşrutunun ayrılmaz hissəsidir və qlobal enerji resursları və malların daşınmasında mühüm rol oynayır.
Ekspertlərin fikrincə, Babül-Məndəb boğazının bağlanması qlobal logistika və enerji böhranına səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, blokada dünya bazarlarında yanacağın qiymətinin kəskin artmasına gətirib çıxara bilər.
Hörmüz boğazında da vəziyyət mürəkkəb olaraq qalır. "Kpler" şirkətinin məlumatına görə, avqustun 5-də bu boğazdan yalnız iki gəmi keçib. Onlardan biri Panama bayrağı altında üzən və kömür daşıyan quru yük gəmisi olub, digər gəmi isə Marşall adaları bayrağı altında xammal daşıyan gəmi olub və boğazı tərk edib. Müqayisə üçün, avqustun 4-də həmin marşrutdan səkkiz gəmi keçib.
Samir


