Orta ixtisas təhsili müəssisələri üzrə (9 illik və 11 illik) ən çox boş plan yeri qalan kolleclərin siyahısı açıqlanıb.
Statistikaya əsasən, 9 illik kolleclər üzrə 8144 plan yerindən 677-si (8,31 faiz), 11 illik kolleclər üzrə isə 15 874 plan yerindən 670-i (4,22 faiz) boş qalıb. Ortaya çıxan bu statistika orta ixtisas təhsilinə marağın mövcud vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Bəzi kolleclərin qəbul planını niyə tamamlaya bilməməsi, bu prosesdə ixtisas seçimi, əmək bazarının tələbləri və abituriyentlərin təhsil prioritetlərinin hansı rol oynadığı isə əsas müzakirə mövzularından biri olaraq qalır.
Maraqlıdır, kolleclərdə plan yerləri nə üçün boş qalır?
Təhsil eksperti Elmin Nuri Hit.az-a açıqlamasında deyib ki, kolleclərin effektivliyi ilk növbədə hazırladıqları mütəxəssislərin əmək bazarında nə dərəcədə tələb olunması ilə ölçülməlidir:

“Bu baxımdan bütün təhsil müəssisələri eyni nəticəni göstərə bilmir. Səhiyyə istiqamətində fəaliyyət göstərən kolleclərin məzunları daha çox üstünlüyə malikdirlər. Tibb bacısı, feldşer, mama, diş texniki və ortopedik stomatologiya kimi ixtisasları bitirənlər qısa müddətdə peşələri üzrə iş tapmaq imkanına sahib olurlar.
İnformasiya texnologiyaları sahəsində də vəziyyət müsbətdir. Kompüter avadanlıqlarının texniki xidməti, kompüter şəbəkələrinin qurulması və idarə edilməsi, veb-dizayn kimi istiqamətlər üzrə hazırlanan kadrlar əmək bazarında daha çox tələb görür”.
Ancaq ekspert onu da əlavə edib ki, humanitar və ictimai profilli ixtisasların əksəriyyəti məzunlara eyni imkanları yaratmır:
“Bəzi proqramlar müasir əmək bazarının tələblərinə cavab vermədiyi üçün həmin istiqamətlər üzrə təhsil alanların peşə perspektivi zəifləyir. Kolleclərin inkişafı üçün mövcud yanaşma yenidən nəzərdən keçirilməlidir.
İmtahansız qəbul mexanizmi tətbiq olunduqdan sonra kolleclərə maraq nəzərəçarpacaq dərəcədə yüksəlib. Buna baxmayaraq, subbakalavrların ali təhsil müəssisələrinə qəbulunda ayrılan plan yerlərinin azalması bu artan maraqla uyğun gəlmir və həmin kvotaların artırılması daha məqsədəuyğun olardı”.
Günel Cəlilova


