Xəstəliklərin çoxu qəfil başlamır, illərlə formalaşan gündəlik vərdişlərin nəticəsi kimi ortaya çıxır.
Bu gün insanların sağlamlığını ən çox təhdid edən risklər viruslardan daha çox həyat tərzindən qaynaqlanır. Statistikada ilk sıralarda yer alan xəstəliklərin arxasında isə eyni sual dayanır: İnsanları xəstələndirən əsas səbəb nədir? Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, qlobal statistikaya əsasən insanların sağlamlığı üçün ən ciddi təhlükə yaradan xəstəliklər sırasında ürək-damar və müxtəlif onkoloji patologiyalar üstünlük təşkil edir:

“Bu mənzərənin yaranmasında irsi xüsusiyyətlərlə yanaşı, yanlış qidalanma, fiziki passivlik, davamlı psixoloji gərginlik və ətraf mühitin mənfi təsirləri həlledici rol oynayır. Azərbaycanda isə son dövrlərdə daha çox narahatlıq doğuran sahələrdən biri tənəffüs sistemi xəstəliklərinin artmasıdır”.
Onun fikrincə, bunun əsas izahlarından biri koronavirus infeksiyasının uzunmüddətli nəticələridir:
“COVID-19-u ağır keçirən insanların bir hissəsində ağciyər toxumasında baş verən dəyişikliklər sağaldıqdan sonra da nəfəsalma funksiyasında problemlər yaradır və bu hallar uzun müddət davam edə bilir. Vərəm, pnevmoniya, ağciyər xərçəngi və digər ağciyər patologiyaları, həmçinin siqaret istifadəsi, sənaye tullantıları, havanın çirklənməsi və müxtəlif kimyəvi maddələrlə təmas da riskin yüksəlməsinə səbəb olur”.
Professor qeyd edib ki, pandemiyadan sonra bəzi xəstəliklərin yayılma dinamikasında dəyişikliklər müşahidə edilsə də, həzm sistemi ilə bağlı problemlər aktuallığını qoruyub saxlayır:
“Xüsusilə mədə və bağırsaq xəstəlikləri, yoğun bağırsaq xərçəngi, autoimmun mənşəli patologiyalar bu sahədə daha çox rast gəlinən xəstəliklər sırasındadır. Ürək və qan-damar sistemi xəstəlikləri həm ölüm hallarının sayına, həm də insanların əmək qabiliyyətinin itirilməsinə görə səhiyyənin qarşısında duran ən ciddi problemlərdən biri olaraq qalır”.
Günel Cəlilova


