TikTok cəmiyyətə nə ötürür?

KÖŞƏ YAZILARI
12:28 / 03.08.2026
182

İllərdir sosial şəbəkədə elə bir mühit formalaşdırılıb ki, nə qədər kobud danışsan, nə qədər çox insanı təhqir etsən, nə qədər böyük qalmaqal yaratsan, bir o qədər məşhur olursan. 

Sanki normal davranış artıq diqqət çəkmir, etik qaydalara riayət etmək isə maraqsızlıq əlaməti kimi təqdim edilir. Belə bir mühitdə tərbiyə yox, qalmaqal qazandırır.

Ən narahatedici məqam odur ki, bu videoların auditoriyası yalnız böyüklərdən ibarət deyil. Telefon ekranının o biri tərəfində məktəbli də var, yeniyetmə də. Onlar hər gün eyni mənzərəni izləyirlər söyüş danışan alqışlanır, insanları alçaldan paylaşılır, qarşıdurma yaradan trendə çevrilir. Beləliklə, hörmətsizlik, kobudluq, səs-küy populyarlığın meyarı kimi təqdim olunur.

Ən təhlükəlisi isə budur ki, bu dəyişiklik birdən-birə baş vermir. O, səssiz şəkildə insanların düşüncəsinə yerləşir. Bir müddət sonra təhqir adi sözə, aqressiya normal ünsiyyət formasına çevrilir. Cəmiyyət bunu hiss edəndə isə artıq zərərin bir hissəsi baş vermiş olur.

Hətta bəzi TikTok simaları izləyici sayını şəxsi uğur kimi təqdim edirlər. Halbuki milyonlarla baxış toplamaq milyonlarla insan qarşısında məsuliyyət daşımaq deməkdir.

Üstəlik, nə qədər acınacaqlı da olsa, bəziləri üçün təhqir gəlir mənbəyinə çevrilib. Diqqət qazanmaq üçün süni mübahisələr yaratmaq, insanları aşağılamaq, etik sərhədləri aşmaq adi kontent strategiyası kimi qəbul edilir. Bu, artıq yaradıcılıq deyil, mənəvi dəyərlərin kommersiyalaşdırılmasıdır.

Bir neçə nəfərin məsuliyyətə cəlb olunması cəmiyyətə xəbərdarlıq ola bilər. Amma bu, problemin tam həlli deyil. Çünki yeni qalmaqal müəllifləri o vaxta qədər yaranmağa davam edəcək ki, baxış sayı ləyaqətdən üstün tutulacaq, izləyici isə keyfiyyətli məzmun əvəzinə qalmaqalı mükafatlandıracaq.

Niyə cəmiyyət olaraq faydalı insanları deyil, qalmaqal yaradanları məşhurlaşdırırıq? Niyə övladlarımızın qarşısına elm adamını, müəllimi, həkimi və ya idmançını deyil, söyüş və təhqirlə tanınan simaları çıxarmağa imkan veririk?

Nəzərə almaq lazımdır ki, cəmiyyət yalnız qanunlarla qorunmur. O, həm də nümunələrlə formalaşır. Əgər nümunələr yanlış seçilərsə, gələcək nəsillərin dəyərləri də yanlış istiqamətdə dəyişəcək. Məhz buna görə TikTok-da yayımlanan hər video təkcə bir paylaşım deyil, sabahın cəmiyyətinə təsir edən sosial mesajdır. Bu mesajın məzmunu isə artıq hər kəs üçün düşündürücü olmalıdır.

Günel Cəlilova

0