Nərimanın “Ərzurumspor” seçimi doğru qərardır?

İDMAN
14:30 / 04.08.2026
230

Məlum olduğu kimi, millimizin üzvü Nəriman Axundzadə “Ərzurumspor”a transfer olunub.

ABŞ-nin “Kolambus Kryu” klubu 22 yaşlı futbolçunu Türkiyənin Super Liqa təmsilçisinə icarəyə verib. İcarə müddəti isə 2027-ci ilin sonuna qədərdir. Nərimanın ABŞ təmsilçisində oynama fürsəti tapmadığı üçün ayrılmaq qərarı verdiyi deyilir.

Bəs Nərimanın qərarı düzgündürmü? O, “Ərzurumspor”da uğurla ola bilər?

Mövzu ilə bağlı “CBC Sport” telekanalının və “Footcast TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlama verib.

O bildirib ki, Nəriman Axundazə Amerikaya transfer olunarkən “Qarabağ”da avrokubok matçlarında diqqət cəlb etməsi nəticəsində Avropa və ABŞ klublarından təkliflər almışdı: 
“Təbii ki, ABŞ-də və MLS liqasında oynamaq hər bir futbolçunun istəyidir. Burada əsas diqqət yetirilməli olan məqam oyunçunun əsas heyətdə oynama potensialıdır. Son matçlarda da gördük ki, o, əsas heyət üzvü olaraq meydanda yer almırdı. Nəriman da bu fonda “Ərzurumspor”dan gələn təklifi dəyərləndirdi. Məncə, çox düzgün qərar idi. Ümumiyyətlə, Türkiyə Super Liqasında azərbaycanlı futbolçuların çıxış etməsi hər birimizin arzusudur”.

Ekspertin sözlərinə görə, Nəriman yenidən qurulan bu oyun planında, xüsusilə Super Liqa üçün formalaşdırılan heyətdə çox önəmli yer tuta bilər: 
“O, sürəti və nümayiş etdirdiyi xüsusi keçidlərlə fərq yaratmaq potensialındadır. Məncə, Nəriman Amerikada da çox önəmli bir təcrübə topladı və bütün bunlar ona müsbət təsirini göstərəcək. Onun düzgün qərar qəbul etdiyini düşünürəm. 

Ümid edirəm ki, Azərbaycanın digər futbolçuları da legioner həyatı yaşamaq üçün gələn təklifləri müsbət dəyərləndirərlər. Müəyyən risklərdən özlərini sığortalayıb Azərbaycanda qalmasınlar, xaricə üz tutsunlar. Bu, çox önəmli detaldır. Ona görə də mən bu addımı çox müsbət qarşılayıram”.

Elmir Mustafa

0