Çimərliklərə giriş nə üçün pulludur?

SOSİAL
14:40 / 03.08.2026
129

Azərbaycanda çimərliklərdən istifadə qanunvericiliyə görə hər kəs üçün açıqdır. 

Lakin son illər formalaşan praktikaya baxdıqda fərqli mənzərə ortaya çıxır. Sahilin müəyyən hissəsi müxtəlif xidmət adı altında kommersiyalaşdırılır və nəticədə vətəndaşın qarşısında görünməz bir seçim yaranır - ya ödə, ya da həmin əraziyə daxil olma.

Maraqlıdır ki, burada satılan əslində dəniz və ya xidmət deyil. Satılan insanların seçim imkanıdır. Çünki bir çox hallarda vətəndaş çətirə, şezlonqa və ya əlavə xidmətə ehtiyac duymasa belə, sadəcə dənizə çatmaq üçün giriş haqqı ödəməli olur. Belə olan halda ödəniş xidmətin qarşılığı yox, əraziyə girişin "bileti" kimi qəbul edilir.

Diqqətçəkən başqa məqam qiymət siyasətidir. Giriş haqlarının 20-30 manatdan başlaması, uşaqlar üçün ayrıca tariflərin müəyyən edilməsi göstərir ki, istirahət artıq sosial ehtiyac kimi deyil, gəlir gətirən kommersiya məhsulu kimi qiymətləndirilir. Onu da bildirək ki, çimərliklərə giriş həftəsonu daha yüksək olur. Bunun da səbəbi həmin gün iş gününün olmaması və əksəriyyət insanın istirahət üçün dənizə üz tutmasıdır. 

Halbuki dənizdən istifadə gəlir səviyyəsindən asılı olan imtiyaza çevrilməməlidir. Əslində burada müzakirə olunmalı məsələ sahibkarların fəaliyyət göstərməsi deyil. Özəl sektorun keyfiyyətli xidmət təqdim etməsi normaldır və hətta rəqabəti artırır. Problem o zaman başlayır ki, əlavə xidmət könüllü seçim olmaqdan çıxır və məcburi ödənişə çevrilir. Vətəndaş xidməti deyil, sadəcə sahilə girişi almağa məcbur qalır.

Bu tendensiya uzunmüddətli perspektivdə daha ciddi suallar yarada bilər. Əgər ictimai məkanların istifadəsi tədricən kommersiya qaydaları ilə tənzimlənərsə, sabah parkların, meşələrin və digər ümumi istifadədə olan ərazilərin də eyni yanaşma ilə idarə olunmasının qarşısını hansı prinsip alacaq? İctimai sərvətlərə münasibətdə sərhədlər aydın müəyyən edilməlidir.

Üstəlik, burada sosial ədalət faktoru da nəzərə alınmalıdır. Dörd nəfərlik ailənin bir günlük çimərlik istirahəti üçün xeyli vəsait ödəməsi bir çox ailənin bu imkandan məhrum qalmasına səbəb olur. Nəticədə dəniz sahili cəmiyyətin bütün təbəqələri üçün açıq məkan olmaqdan uzaqlaşır.

Əgər məqsəd həqiqətən xidmət göstərməkdirsə, vətəndaşa seçim verilməlidir. İstəyən şezlonq və çətir kirayələsin, istəyən isə heç bir əlavə xidmətdən istifadə etmədən sahildən yararlansın. İctimai məkanın mahiyyəti də məhz bundan ibarətdir - seçim azadlığını qorumaq.

Dəniz heç kimin yaratdığı sərvət deyil. Unutmaq lazım deyil ki, dənizə girişin qiyməti olmamalıdır. Qiyməti olan yalnız göstərilən xidmət ola bilər. Bu iki anlayışın bir-birinə qarışdırılması isə həm hüquqi, həm də sosial baxımdan ciddi müzakirə mövzusudur...

Günel Cəlilova

0