Yeni işə başlamaq hər bir şəxs üçün həm həyəcanlı, həm də məsuliyyətli mərhələdir.
İlk iş günü yalnız yeni vəzifə öhdəlikləri ilə tanışlıq deyil, həm də gələcək karyera imicinizin təməlinin qoyulduğu andır. Məhz bu gün kollektivdə yaradacağınız ilk təəssürat, peşəkar davranışınız və adaptasiya sürətiniz gələcək uğurunuzda həlledici rol oynayır.
Bir çox insan ilk gündə geyim seçimindən tutmuş zamanın idarə olunmasına qədər hansı nüanslara üstünlük verməli olduğu barədə tərəddüd edir. İnsan resursları ekspertlərinin fikrincə, doğru strategiya və düzgün ünsiyyət tərzi ilə bu prosesi həm stressiz, həm də səmərəli keçirmək mümkündür.
Bəs yeni mühitə uğurla inteqrasiya olunmaq üçün ilk gündə nələrə xüsusi diqqət yetirməliyik?
Mövzu ilə bağlı insan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva Hit.az-a açıqlama verib.
O bildirib ki, ilk iş günü gələcək karyeranız üçün çox vacibdir:
"İlk təəssürat həm peşəkarlığınızı, həm də münasibətinizi göstərir. Ona görə də bir çox nüansa diqqət etmək faydalı olar. İlk növbədə işə vaxtında gəlin. Hətta iş yerinə 10-15 dəqiqə əvvəl gəlməyə çalışın. Geyiminiz səliqəli və işə uyğun olsun.
Yəni iş yerinin geyim mədəniyyətinə uyğun, təmiz və peşəkar görünüş seçin. Bundan başqa, həmkarlarınızla tanış olun. Gülərüz və nəzakətli davranın, özünüzü qısa şəkildə təqdim edin.Diqqətlə dinləyin. İlk gün çox məlumat veriləcək. Bu səbəbdən qeydlər aparmaq faydalıdır".
Ekspert qeyd edib ki, suallar verməkdən çəkinməyin:
"Anlamadığınız mövzuları nəzakətlə soruşmaq maraqlı və məsuliyyətli olduğunuzu göstərir. Şirkətin qaydalarına mütləq şəkildə əməl edin. İş saatları, daxili prosedurlar, təhlükəsizlik və etik qaydalarla tanış olmağı unutmayın. Eyni zamanda, hamıya müsbət münasibət göstərin. Həvəsli, öyrənməyə açıq və əməkdaşlığa hazır olduğunuzu nümayiş etdirin. Lakin ilk gündən özünüzü sübut etməyə tələsməyin. Əvvəlcə prosesi öyrənin, sonra təşəbbüs göstərin".
Mütəxəssis qeyd edib ki, ilk iş günündə telefon və sosial şəbəkələrdən minimum istifadə etmək lazımdır:
"Çünki işə fokuslandığınızı göstərmək olduqca vacibdir. Günün sonunda isə rəhbərinizdən qısa rəy alın. Məsələn: “Bu gün üçün başqa etməli olduğum bir iş varmı?” və ya “İlk gün üçün performansımla bağlı tövsiyəniz varmı?”
Əgər söhbət rəhbər və ya direktor vəzifəsində ilk iş günündən gedirsə, əlavə olaraq komandanı dinləmək, mövcud vəziyyəti qiymətləndirmək və ilk gün böyük dəyişikliklər etməmək daha məqsədəuyğundur. Bu, komandanın etimadını qazanmağa kömək edir".
Elmir


