Azərbaycan Avrasiyanın logistik və geoiqtisadi mərkəzlərindən biri olacaq

SİYASƏT
12:49 / 06.08.2026
256

“Azərbaycanın əlverişli coğrafi mövqeyi, son illərdə nəqliyyat infrastrukturuna yatırılan böyük investisiyalar və həyata keçirilən strateji layihələr ölkəmizi Avrasiyanın mühüm logistik və geoiqtisadi mərkəzlərindən birinə çevirmək üçün möhkəm zəmin yaradıb”. 

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O, ölkəmizin Avrasiya məkanındakı əhəmiyyətindən danışıb:


“Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yükdaşımaların təhlükəsiz, sürətli və etibarlı şəkildə həyata keçirilməsində getdikcə daha mühüm rol oynayır. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat-kommunikasiya layihələri ölkəmizin tranzit potensialını daha da gücləndirir”.

Millət vəkili qeyd edib ki, qlobal geosiyasi proseslər fonunda yeni ticarət marşrutlarına marağın artması Azərbaycanın əhəmiyyətini daha da yüksəldir: 
“Dövlətimizin həyata keçirdiyi balanslı xarici siyasət, sabit daxili mühit və etibarlı tərəfdaş imici beynəlxalq investorlar və yükdaşıyan şirkətlər üçün Azərbaycanı cəlbedici məkana çevirir”.

Arzuxan Əlizadə diqqətə çatdırıb ki, Azərbaycanın təkcə tranzit ölkəsi deyil, həm də regional logistika, sənaye, istehsal və ticarət qovşağına çevrilməsi üçün geniş imkanlar mövcuddur:
“Bütün bunlar Azərbaycanın iqtisadi şaxələndirməsinə, qeyri-neft sektorunun inkişafına və regionun aparıcı geoiqtisadi mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Elmir Mustafa

0