Evlərin qiyməti bahalaşmağa davam edir – SƏBƏB NƏDİR?

İQTİSADİYYAT
15:07 / 21.08.2026
148

Bakıda mənzil almaq istəyənlər üçün son illərin ən ciddi problemlərindən biri qiymətlərin davamlı yüksəlməsidir. 

Mənzil bazarında qiymətlər artdıqca ev sahibi olmaq arzusu da bir çox insan üçün getdikcə daha əlçatmaz görünür. Xüsusilə gəlirləri mənzil qiymətlərinin artım tempinə çatmayan ailələr üçün bu vəziyyət seçim imkanlarını daha da daraldır.

Maraqlıdır, mənzil almağı planlaşdıranlar qiymətlərin daha da yüksəlməsini gözləməlidirlər, yoxsa bazarda sabitləşmə ehtimalı var?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Hit.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak bazarında son illərdə müşahidə olunan bahalaşmanın miqyası kifayət qədər böyükdür: 

407735

“2021-ci ildən 2026-cı ilə qədər olan dövrə nəzər saldıqda, mənzil qiymətlərində artımın təxminən 80 faizə çatdığı görünür. Bu bahalaşmanın arxasında dayanan amillərdən biri tikinti sektorunda yeni layihələrə marağın əvvəlki dövrlə müqayisədə zəifləməsidir. Tikinti şirkətlərinin fəaliyyətinin məhdudlaşması bazara yeni mənzillərin daxilolma tempinə də təsir göstərir”.

Mütəxəssisin fikrincə, tikinti layihələrinin həyata keçirilməsi ilə bağlı icazələrin sayının azalması nəticə etibarilə yeni layihələrin sayının aşağı düşməsinə gətirib çıxarıb:

“Bazara daxil olan yeni layihələrin azalması isə şirkətlər arasında rəqabətin əvvəlki səviyyədə formalaşmasına imkan vermir. Bu tendensiyanın miqyasını daha uzun zaman kəsiyində müqayisə etdikdə fərq daha aydın görünür. 2016-cı illə 2026-cı ilin göstəriciləri arasında yeni başlanılan çoxmənzilli bina layihələrinin həcmində təxminən 8-10 dəfə azalma müşahidə olunur. Belə kəskin geriləmə tikinti sektorunda ciddi struktur dəyişikliyinin yarandığını göstərir”.

Ekspertin sözlərinə görə, hazırkı vəziyyət fonunda yaxın perspektivdə sektorda nəzərəçarpacaq canlanmanın baş verəcəyini gözləmək üçün ciddi əsaslar görünmür:

“Tikinti sahəsində aktivliyin yenidən əvvəlki səviyyəyə qayıtmaması isə mənzil bazarında təklifin məhdud qalmasına səbəb ola bilər. Təklifin artan tələbi tam qarşılaya bilməməsi nəticəsində daşınmaz əmlakın qiymətində yüksəlişin qarşıdakı dövrdə də davam etməsi ehtimalı artır”.

Günel Cəlilova

0