Azərbaycan Prezidenti İlham Əliyev “Dənizkənarı Bulvar İdarəsi” və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.
HİT.az xəbər verir ki, fərmana əsasən, “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Yeni yaradılacaq cəmiyyət Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın mühafizəsi, ərazisinə nəzarət, idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi ilə məşğul olacaq.
Sənədə əsasən, “Dənizkənarı Bulvar” QSC “Dənizkənarı Bulvar İdarəsi”nin hüquqi varisi olacaq. İdarənin hüquq və öhdəlikləri, eləcə də əmlakı, istisnalar nəzərə alınmaqla, yeni cəmiyyətə keçəcək.
Bakıdakı Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi isə bundan sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzarətində olacaq. Həmin obyektlərin mühafizəsi, idarə edilməsi və saxlanılması ilə bağlı hüquq və öhdəliklər, eləcə də əmlak Prezidentin İşlər İdarəsinə veriləcək.
Fərmana əsasən, “Dənizkənarı Bulvar” QSC-nin fəaliyyətinə ümumi rəhbərlik və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla üç üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cari rəhbərlik isə sədr və iki müavindən ibarət üç nəfərlik İdarə Heyəti tərəfindən həyata keçiriləcək.
Cəmiyyətin nizamnamə kapitalı ona keçəcək əmlak hesabına formalaşdırılacaq.
Fərmanda həmçinin müəyyən edilib ki, cəmiyyət dövlət qeydiyyatına alınanadək “Dənizkənarı Bulvar İdarəsi” fəaliyyətini davam etdirəcək.
Sənədə əsasən, cəmiyyətin yenidən təşkili və ləğvi, idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurası sədrinin və üzvlərinin, eləcə də İdarə Heyətinin sədr və müavinlərinin təyin və vəzifədən azad edilməsi Prezidentin səlahiyyətinə veriləcək.
Nazirlər Kabineti isə iki ay ərzində cəmiyyətin nizamnaməsini təsdiq etməli, üç ay müddətində isə fərmandan irəli gələn normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini dövlət başçısına təqdim etməlidir.
Bundan başqa, Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyinin bütün əmlakının Prezidentin İşlər İdarəsinin balansına verilməsi iki ay ərzində təmin ediləcək.
Maliyyə Nazirliyinə isə yeni cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını aparmaq və onların optimallaşdırılması üçün tədbirlər görmək tapşırılıb.


