Sentyabrın 1-dən etibarən su ehtiyatlarından müəyyən məqsədlərlə istifadə edən hüquqi və fiziki şəxslər üçün yeni ödəniş mexanizmi qüvvəyə minəcək.
Bu yenilik Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı qərarla rəsmiləşdirilib. Sənəddə su obyektlərindən texniki qurğular və xüsusi avadanlıqlar vasitəsilə su götürülməsi, təmizlənmiş tullantı sularının su hövzələrinə buraxılması, eləcə də su akvatoriyalarından istifadə ilə bağlı ödənişlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni tariflər suyun hansı mənbədən götürülməsindən asılı olaraq fərqlənəcək.
Sənaye ehtiyacları üçün Xəzər dənizindən hər 100 kubmetr suyun götürülməsinə görə 0,4 manat ödəniləcək. Eyni həcmdə suyun çay və göllərdən götürülməsi üçün tarif 4 manat, yeraltı su ehtiyatlarından istifadə zamanı isə 40 manat təşkil edəcək. Tullantı sularının su hövzələrinə axıdılmasına görə də ayrıca ödəniş müəyyənləşdirilib. Xəzər dənizinə 100 kubmetr tullantı suyu buraxanlar 1 manat, çay və göllərə eyni həcmdə tullantı suyu axıdanlar isə 4 manat ödəməli olacaqlar.
Beləliklə, yeni qaydalar xüsusilə su resurslarından istehsal və digər xüsusi məqsədlərlə istifadə edən subyektlərin xərclərinə təsir göstərə bilər. Ödənişlərin tətbiqi müəssisələri sudan daha səmərəli istifadə etməyə və tullantı sularının idarə olunmasına əlavə diqqət ayırmağa sövq edə bilər.
Bəs yeni tariflərin tətbiqi hansı sahələrdə daha ciddi maliyyə yükü yarada bilər və bu dəyişiklik son nəticədə istehlakçıların xərclərinə təsir göstərəcəkmi?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, yeni ödənişlərin sıravi vətəndaşın gündəlik xərclərinə birbaşa və ciddi təsir göstərməsi gözlənilmir:

“Söhbət əsasən su ehtiyatlarından sənaye məqsədilə istifadəyə görə müəyyən edilən ödənişlərdən gedir və tətbiq olunan tariflər biznes subyektləri üçün böyük maliyyə yükü yaratmayacaq. Bununla belə, kənd təsərrüfatı sahəsində müəyyən xərc dəyişikliklərinin baş verməsi mümkündür. Yeni mexanizmin istehlakçıların ödədiyi məbləğlərə əhəmiyyətli təsir göstərməsi ehtimalı aşağıdır”.
Günel Cəlilova


