Azərbaycana yeni aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

İQTİSADİYYAT
21:55 / 27.08.2026
31

Nəqliyyat əlçatanlığının yaxşılaşdırılması Azərbaycana turist axınının artırılması baxımından mühüm amillərdən biridir.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirib.

Qeyd edilib ki, Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının 8.2.3-cü “Nəqliyyat infrastrukturunun turizmin inkişafına töhfəsinin artırılması” istiqamətində xarici ölkələrlə birbaşa hava əlaqələrinin genişləndirilməsi, uçuş tezliyinin artırılması, aviabilet qiymətlərinin daha əlçatan və rəqabətqabiliyyətli olması, eləcə də region hava limanlarına yeni beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin cəlb edilməsi ilə bağlı konkret tədbirlər müəyyən edilib.

Belə ki, 2030-cu ilədək azı 4 yeni hədəf turizm istiqaməti üzrə uçuşların həyata keçirilməsi və mövcud uçuşlar üzrə tezliyin 20 faiz artırılması hədəflənir.

Bu baxımdan, daha çox birbaşa aviareysin təşkili, uçuş tezliyinin artırılması və aviabiletlərin regional rəqib destinasiyalarla müqayisədə daha qiymətlərə təklif olunması Azərbaycana səfərin əlçatanlığını yüksəldə və turistlərin ölkə seçimlərinə müsbət təsir göstərə bilər.

Dövlət Proqramında aviabilet qiymətlərinə təsir edən amillərin təhlili, onların aradan qaldırılması və nəticədə ölkəyə gələn turistlərin sayının artırılması birbaşa hədəf kimi müəyyən edilib.

Eyni zamanda, regional hava limanlarından beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin istifadəsinin genişləndirilməsi turistlərin yalnız Bakı deyil, regionlara da daha rahat çıxışını dəstəkləyə bilər. Beləliklə, hava nəqliyyatının əlçatanlığının artırılması həm ölkəyə ümumi turist axınının, həm də regionlara turist səfərlərinin genişlənməsinə mühüm töhfə verə bilər.
 

0