"EuroHome"da 1 milyon manatlıq malı batdı...

İQTİSADİYYAT
20:14 / 15.05.2020
1176

Xəbər verildiyi kimi, Bakının Binəqədi rayonundakı «EuroHome» ticarət mərkəzindəki yanğın nəticəsində burada çalışan sahibkarlar və iş adamları böyük zərərə düşüblər.

Tikinti materialları bazarında baş verən yanğında çox böyük zərərə düşən sahibkarlar da olub.

Bunlardan biri «EuroHome»da mağazası olan iş adamı Xaliq Haqverdiyevdir. Bazarda 6 ildir ki, çalışan iş adamı elektrik mallarının satışı işə məşğuldur. Ən pisi odur ki, X.Haqverdiyev «EuroHome»da bundan 5 ay əvvəl – 2019-cu ilin dekabrında baş verən yanğında da böyük zərərə düşüb. Amma bu dəfə zərər daha böyük olub: «Bundan əvvəlki yanğında da mağazaya 100 min dollarlıq ziyan dəymişdi. İndiki yanğında 500 min dollardan yuxarı ziyan dəyib. Biz əsasən elektrik mallarının satışı ilə məşğul idik».

Yanğın nəticəsində iş adamına ümumilikdə 600 min dollardan artıq zərər dəyib. Bunun böyük hissəsi borca aldığı malların yanamasına görə baş verib: «Banklara da borcumuz var, amma o kiçikdir - 6-7 min dollar civarındadır. Borclarımız böyükdür, hazırda 525 min dollar bir nəfərə, 77 min dollar da türk vətəndaşına borcum var. Evimin sənədlərini borclu olduğum türk vətəndaşının adına keçirmişəm. Vəziyyət çox pisdir».

Xaliq Haqverdiyev deyir ki, yanğın zamanı biznesinə, mağazasının fəaliyyətinə aid bütün sənədlər, o cümlədən borc dəftərləri, komputerlər də yanıb. Nəticədə iş adamı ona borcu olan şəxslərin siyahısını da itirib: «Məndən borc alanların çoxu yadımdan çıxıb. 200 min dollar yaxın borc alınıb məndən. Nömrələr yadımda deyil, bir neçəsin üzdən tanıyıram, amma hamısını yadımda saxlaya bilməmişəm».

İş adamının sözlərinə görə, mağazanın sığortalanması üçün sığorta şirkətlərinə bir neçə dəfə müraciət etsə də, şirkətlər bundan imtina ediblər: «Sığorta şirkətləri «EuroHome» işləyə bilməyəcəyini deyib müraciətimizdən imtina ediblər. Pul gücünə olsa da, düşünürəm ki, bundan sonra mağazanı sığorta etdirməliyəm».

0
Fed.az