Bəzi vergilərə tam, bəzilərinə 75 faiz güzəşt ediləcək...

İQTİSADİYYAT
20:31 / 09.05.2020
1777

Vüqar Bayramov: “Pandemiyanın təsir etdiyi bütün sektorlarda fəaliyyət göstərən sahibkarlar güzəştlərdən istifadə edə biləcəklər”

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

Bu, Milli Məclisin mayın 8-də keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə yeni - XVIII fəslə (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) təklif edilən dəyişiklikdə əksini tapıb.

“...sahibkarlara dövlət dəstəyinin artmasına imkan verəcək”

Pandemiya dövründə müvəqqəti vergi rejiminin tətbiq olunması barədə fikir bildirən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, müvəqqəti vergi rejiminin tətbiq edilməsi ilə bağlı iqtisad paketin əsas özəlliyi də ondan ibarətdir ki, təkcə pendemiyanın iqtisadiyyata və sahibkarlara təsirini minimallaşdırmaq nəzərdə tutulmur, eyni zamanda, postpandemiya dövründə sahibkarların daha güclü dəstəklənməsini də ehtiva edir. Strateji olaraq, sahibkarlar üçün təklif edilən imkanlardan biri də vergi güzəştlərinin tətbiq edilməsi idi. 2021-ci il yanvarın 1-nə qədər tətbiq ediləcək vergi rejimi həm də yeni iqtisadi modelin bir elementidir, çünki, nəticə etibarilə, bu imkan verəcək ki, sahibkarlar vergi güzəştlərindən daha yaxından faydalana bilsinlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, praktik olaraq, pandemiyanın təsir etdiyi bütün sektorlarda fəaliyyət göstərən sahibkarlar güzəştlərdən istifadə edə biləcəklər: “Xüsusən nəzərə almaq lazımdır ki, bu, əmlak və torpaq vergisinin sözügedən müddətdə sıfırlanmasına imkan verəcək. İcarə vergisinin dərəcəsi iki dəfə aşağı salınıb. Sadələşdirilmiş vergi subyektləri üçün vergi yükü də iki dəfə azaldılıb. Sosial sığorta ödənişlərinin mikrosahibkarlar üçün orta hesabla iki dəfə azaldılması nəzərdə tutulub. Bu tədbirlər postpandemiya dövründə sahibkarların xərclərinin azaldılmasına və sahibkarlara dövlət dəstəyinin artmasına imkan verəcək. Nəticə etibarilə, postpandemiya dövründə iqtisadi aktivliyin qısa zamanda bərpa edilməsi üçün baza formalaşır”.

 

0
Bakixeber.com