Bu gün Pakistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Cammu və Kəşmir məsələsi çərçivəsində “Yum-e-İstismar Günü”nə həsr edilmiş anım mərasimi təşkil olunub.
Hit.az xəbər verir ki, tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə işinə başlayıb.
Mərasim zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin, eləce də Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın müraciətləri iştirakçıların diqqətinə çatdırılıb. Səsləndirilən mesajlarda Cammu və Kəşmir probleminin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Kəşmir xalqının iradəsinə uyğun olaraq, dinc və ədalətli yolla tənzimlənməsinin vacibliyi vurğulanıb, həmçinin beynəlxalq ictimaiyyətə bu münaqişənin həllinə töhfə verməklə bağlı çağırış edilib.
Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Kəşmir məsələsinin yalnız siyasi deyil, eyni zamanda ciddi humanitar xarakter daşıdığını bildirib. Diplomat Pakistanın Cammu və Kəşmir məsələsindəki mövqeyinə beynəlxalq platformalarda verdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.
Anım mərasiminin sonunda iştirakçılar Cammu və Kəşmirdəki mövcud vəziyyəti əks etdirən fotosərgi ilə tanış olublar.
Elmir Mustafa

















