Avropa Rusiyanın mümkün hərbi təhdidlərinə qarşı təhlükəsizlik strategiyasını ABŞ-dən asılı olmadan qurmalıdır.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" qəzetində dərc olunan məqalədə siyasi şərhçi Natali Toççi yazıb.
Müəllif hesab edir ki, Rusiyanın imperialist ambisiyaları Ukrayna ilə məhdudlaşmır və Avropa öz təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşımalıdır.
Toççinin fikrincə, Rusiyanın təxribatları və Avropa siyasətinə hibrid müdaxilələri Moskvanın yaxın illərdə, hətta aylarda Avropaya qarşı birbaşa hərbi əməliyyatlara başlama ehtimalı barədə narahatlıqları artırır.
Bu təhlükə fonunda, xüsusilə Rusiya ilə həmsərhəd və ya ona yaxın yerləşən Avropa ölkələri müdafiə xərclərini artırmağa başlayıblar.
Məqalədə qeyd olunur ki, müdafiə büdcələrinin artması Donald Trampın ABŞ prezidentliyinə qayıdışından sonraya təsadüf etsə də, bunun əsas səbəbi Vaşinqtonun bəyanatları deyil, Rusiyadan qaynaqlanan təhlükəsizlik risklərinin artmasıdır.
Şərhçi vurğulayır ki, Avropa ölkələri mümkün münaqişə zamanı ABŞ-nin hərbi dəstəyinin təmin olunacağına əvvəlki qədər əmin deyillər.
Natali Toççi bildirir ki, bu şəraitdə qeyri-rəsmi şəkildə "NATO 3.0" adlandırılan yeni təhlükəsizlik modeli formalaşmağa başlayır.
Onun fikrincə, "Daha güclü NATO daxilində daha güclü Avropa" şüarı tam reallığı əks etdirmir. Çünki Avropa ölkələrinin hərbi imkanları artsa da, ABŞ-nin mümkün uzaqlaşması alyansın ümumi gücünü azalda bilər.
Şərhçi NATO-nun gələcəyi ilə bağlı bir neçə mümkün ssenarini nəzərdən keçirir.
Ən mənfi ssenari Rusiyanın yaxın aylarda və ya illərdə NATO üzvü olan ölkələrdən birinə hücum etməsidir. Bu halda Avropa dövlətlərinin, xüsusilə Almaniyanın müdafiəyə qoşulacağı, daha sonra Fransa və Böyük Britaniyanın da eyni addımı atacağı ehtimal edilir.
Toççinin fikrincə, digər NATO üzvlərinin əksəriyyəti də müttəfiq ölkənin müdafiəsinə qoşula bilər.
Lakin o hesab edir ki, əsas risk ABŞ-nin belə bir vəziyyətdə müdaxilə etməməsidir.
Məqalədə qeyd olunur: "Yaxşı xəbər odur ki, avropalılar, böyük ehtimalla, birlik nümayiş etdirəcəklər. Pis xəbər isə ondan ibarətdir ki, ABŞ Avropanı müdafiə etmək çağırışına cavab verməyə bilər və bu, NATO-nun dağılmasına səbəb ola bilər."
İkinci ssenaridə Rusiyanın hücumu baş vermir, lakin "NATO 3.0" konsepsiyası inkişaf etməyə davam edir.
Bu halda Avropa, Türkiyə və Kanada hərbi baxımdan daha güclü və daha müstəqil olurlar. Bununla yanaşı, ABŞ ilə əməkdaşlığın əvvəlki səviyyədə qalmayacağı ehtimal edilir.
Natali Toççi hesab edir ki, Avropa İttifaqı müdafiə sənayesində əməkdaşlığı genişləndirir və qarşılıqlı yardım mexanizmlərinə malikdir. Lakin konstitusiya və siyasi məhdudiyyətlər səbəbindən bunun təkbaşına kifayət etməyəcəyini düşünür.
Müəllif çıxış yolu kimi "istəkli ölkələr koalisiyası" formatının institusional əsasda inkişaf etdirilməsini təklif edir.
Hazırda belə əməkdaşlıq Ukrayna, Qrenlandiya və Hörmüz boğazı kimi təhlükəsizlik məsələləri ətrafında formalaşıb. Lakin Toççi bu modeli strateji qərarların qəbulu baxımından kifayət qədər davamlı hesab etmir.
Onun fikrincə, belə koalisiyalar siyasi baxımdan institusionallaşdırılarsa, Avropa Təhlükəsizlik Şurasının yaradılması mümkün ola bilər. Bu ideya Böyük Britaniyanın "Brexit"dən sonra da Avropanın təhlükəsizlik sistemində mühüm rol oynamasını təmin etmək məqsədilə irəli sürülmüşdü.
Məqalənin sonunda vurğulanır ki, NATO-nun Avropaya daha çox əsaslanması istiqamətində addımlar davam etməlidir. Bununla yanaşı, "istəkli ölkələr koalisiyaları" mümkün uğursuzluq halında əlavə təhlükəsizlik mexanizmi rolunu oynaya bilər.
Samir


