Uşaqlara ana soyadının verilməsi adi hala çevrilir

SOSİAL
11:02 / 03.08.2026
135

Azərbaycanda uşaqlara ana soyadının verilməsi artıq əvvəlki illərlə müqayisədə daha çox rast gəlinən seçimlərdən birinə çevrilib. 

Cari ilin ilk aylarında 900-dən artıq körpənin məhz anasının soyadı ilə rəsmiləşdirilməsi bu mövzuya marağı artırıb. Məsələ təkcə hüquqi seçim kimi deyil, həm də ailə modelində, valideynlərin qərarvermə prinsiplərində və cəmiyyətin ənənəvi baxışlarında baş verən dəyişikliklərin göstəricisi kimi dəyərləndirilir.

Bəs uşaqlara ana soyadının verilməsi niyə artır? Bu tendensiya cəmiyyətdə hansı yeni yanaşmaların formalaşdığını göstərir?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, son dövrlər uşaqlara ana soyadının verilməsi hallarının artması təsadüfi statistika deyil:

406275

"Bu rəqəmlərin arxasında ailə institutunda görünməyən, lakin getdikcə dərinləşən sosial proseslər dayanır. Ana soyadının seçilməsi hər zaman ideoloji və ya şəxsi seçimdən qaynaqlanmır. Bir çox hallarda bu, yaranmış vəziyyətə uyğun verilən məcburi qərardır.

Qeyri-rəsmi nikahların artması belə səbəblərdən biri kimi diqqət çəkir. Rəsmi nikah olmadan qurulan münasibətlərdə övlad dünyaya gəldikdə, atanın uşağın hüquqi qeydiyyatı və məsuliyyətini üzərinə götürməməsi ana soyadının seçilməsini zərurətə çevirə bilir. Bu halda soyad artıq ailə ənənəsinin deyil, hüquqi reallığın nəticəsi olur".

Ekspert onu da əlavə edib ki, bəzi zaman münasibət hamiləlik dövründə və ya uşaq doğulduqdan qısa müddət sonra başa çatır: 

"Ata övladı tanımaqdan və ya onunla bağlı hüquqi prosedurları yerinə yetirməkdən yayınanda, bütün məsuliyyət ananın üzərində qalır. Belə vəziyyətlərdə uşağın ana soyadı ilə qeydiyyata alınması ən praktik çıxış yolu hesab edilir. 

Bununla yanaşı, boşanma, uzunmüddətli ayrı yaşama, atanın ölkəni tərk etməsi və ya valideynlik məsuliyyətindən faktiki imtina etməsi də bu qərara təsir göstərən amillər sırasında ola bilər. Bəzən isə valideynlər qarşılıqlı razılıq əsasında uşağın ana soyadını daşımasını məqsədəuyğun hesab edirlər".

F. Hacıbəyli hesab edir ki, ana soyadının verilməsi hallarının artması cəmiyyət üçün təkcə hüquqi statistika deyil:

"Bu göstərici ailə münasibətlərində məsuliyyət bölgüsü, valideynlik öhdəlikləri və uşağın hüquqlarının qorunması ilə bağlı yeni suallar ortaya çıxarır. Məsələnin mahiyyəti soyaddan daha çox, uşağın hər iki valideyn tərəfindən qəbul edilməsi, hüquqlarının təmin olunması və ailə məsuliyyətinin bölüşdürülməsi ilə bağlıdır".

Günel Cəlilova

0