“ADEX 2026” - Azərbaycanın müdafiə sənayesi potensialının dünyaya təqdim olunduğu mühüm platformadır

HƏRBİ
14:46 / 01.10.2026
323

"Bakıda keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində əldə etdiyi nəticələrin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin sərgidə iştirakı da dövlətimizin müdafiə sənayesinin inkişafına verdiyi strateji əhəmiyyətin göstəricisidir:

"Əlbəttə ki, “ADEX” artıq təkcə hərbi texnikanın nümayiş etdirildiyi sərgi deyil, Azərbaycanın formalaşdırdığı müdafiə sənayesi potensialının, istehsal imkanlarının və texnoloji qabiliyyətlərinin dünya miqyasında nümayiş etdirildiyi beynəlxalq platformadır. Bu il ilk dəfə Azərbaycanın milli ekspozisiyası üçün ayrıca pavilyonun ayrılması xüsusi diqqət çəkir. 

Burada müdafiə sənayesi ilə yanaşı, texnologiya, kosmik sənaye və mühəndislik sahələrində fəaliyyət göstərən yerli qurum və şirkətlərin məhsulları təqdim olunur. Bu, Azərbaycan üçün mühüm mesajdır: ölkəmiz artıq yalnız müdafiə məhsullarının alıcısı kimi deyil, müasir hərbi texnologiyalar və müdafiə təyinatlı məhsullar istehsal edən, öz imkanlarını inkişaf etdirən və beynəlxalq bazara çıxaran dövlət kimi çıxış edir".

Millət vəkili qeyd edib ki, yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsulların Silahlı Qüvvələrimizin təchizatında istifadə olunması ilə yanaşı, beynəlxalq bazarlarda da maraq doğurması bu sahədə görülən işlərin nəticəsidir:

"Prezident İlham Əliyev də sərgiyə müraciətində Azərbaycanın müdafiə sənayesinin keyfiyyətcə yeni mərhələyə keçdiyini və istehsal imkanlarının əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. “ADEX 2026”nın miqyası Azərbaycanın müdafiə sənayesinə beynəlxalq marağın artdığını da göstərir. 

Sərgidə 270-dən çox şirkətin iştirakı, 29 ölkənin təmsil olunması, çoxsaylı xarici nümayəndə heyətlərinin Bakıya gəlməsi və ABŞ-ın bir sıra aparıcı şirkətlərinin ilk dəfə iştirak etməsi Azərbaycanın yaratdığı bu platformanın beynəlxalq əhəmiyyətini nümayiş etdirir.

Digər mühüm məqam isə sərginin yalnız məhsulların nümayişi ilə məhdudlaşmamasıdır. Burada ikitərəfli görüşlər, hərbi-texniki əməkdaşlıq imkanlarının müzakirəsi, yeni tərəfdaşlıqların qurulması, innovasiyalar, süni intellekt, kibertəhlükəsizlik və müdafiə sənayesində elmi-tədqiqat istiqamətləri üzrə müzakirələr aparılır".

Həmsöhbətimiz vurğulayıb ki, "ADEX” Azərbaycan üçün həm istehsal, həm ixrac, həm texnologiya, həm də beynəlxalq hərbi-texniki əməkdaşlıq platforması rolunu oynayır:

"Həmçinin, "Securex Caspian” sərgisinin paralel keçirilməsi isə təhlükəsizlik anlayışının müasir dövrdə nə qədər genişləndiyini göstərir. Daxili təhlükəsizlik, sərhəd mühafizəsi, xilasetmə, yanğın təhlükəsizliyi, videomüşahidə, kibertəhlükəsizlik və digər texnoloji həllərin eyni platformada təqdim olunması dövlət və cəmiyyət təhlükəsizliyinin bütün komponentlərinin kompleks şəkildə nəzərdən keçirilməsinə imkan yaradır.

Hesab edirəm ki, “ADEX 2026”nın əsas əhəmiyyətlərindən biri də Azərbaycanın öz hərbi sənaye potensialını dünyaya göstərməsidir. Bu sərgi ölkəmizin son illərdə müdafiə sənayesinə yatırdığı resursların, qurduğu istehsal infrastrukturu və əldə etdiyi texnoloji imkanların beynəlxalq səviyyədə təqdimatı üçün mühüm fürsətdir".

Jalə Əliyeva diqqətə çatdırıb ki, bu baxımdan Bakı artıq müdafiə və təhlükəsizlik texnologiyalarının müzakirə olunduğu regional mərkəzlərdən birinə çevrilir:

"Təbii ki, “ADEX”in ildən-ilə böyüməsi Azərbaycanın həm müdafiə sənayesinin inkişafına, həm də dost və tərəfdaş dövlətlərlə hərbi-texniki əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Ən başlıcası isə bu sərgi Azərbaycanın güclü müdafiə sənayesi qurmaq istiqamətində əldə etdiyi nəticələrin beynəlxalq aləmə açıq nümayişidir".

Elmir Mustafa 

0