Zaur Cavadov dünya çempionu oldu

İDMAN
14:10 / 01.09.2020
913

Avqustun 29-da Latviyanın paytaxtı Riqa şəhərində tay boksu üzrə Beynəlxalq Federasiyanın (WKN) LNK “Fight Night” 16 şousu çərçivəsində keçirdiyi dünya çempionatında həmyerlimiz Zaur Cavadov qalib gəlib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.

Studio 69 klubunun arenasında baş tutan həlledici döyüşdə Azərbaycan əsilli Latviya kikboksçusu Zaur Cavadov Slovakiyanın WKN üzrə çempionu Sebastyan Fapso ilə qarşılaşıb.

O, rəqibinin üzərində qələbə qazanaraq, dünya çempionu tituluna layiq görülüb. Bununla da Zaur döyüş siyahısına 39-cu qələbənin yazılmasına nail olub ki, bunların da 14-ü ardıcıl olaraq qazanılıb.

Qeyd edək ki, Zaur Cavadov 21 dekabr 1986-cı ildə Latviyanın Riqa şəhərində dünyaya gəlib. Dörd yaşından idmanın karate növünə yönəldilib. 2005-ci ildən etibarən peşəkarcasına kikboksinqlə məşğul olaraq, dəfələrlə bu idman növünün WAKO K-1, WKA K-1 və digər versiyaları üzrə Latviya, Litva, Polşa və Avropa çempionu titullarını qazanıb.

2017-ci ildə “Arena Riqa”da “KOK World Grand Prix in Riga 2017” döyüş şousu zamanı Moldovadan olan rəqibi Sergey Morari ilə qarşılaşıb. Həmyerlimiz ona nokautla qalib gələrək, dünya çempionu titulunu əlindən alıb.

0