"Fənərbağça" Fransadan futbolçu transfer edir

İDMAN
14:26 / 24.06.2026
44

2026/27 mövsümü öncəsində Türkiyə Super Liqasında yay transfer pəncərəsi rəsmən açılıb. Başda "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor" olmaqla klublar heyətlərini gücləndirmək üçün fəaliyyətlərini sürətləndiriblər. 

HİT.az xəbər verir ki, "Fənərbağça" yeni baş məşqçisi İsmayıl Kartalın müdafiənin mərkəzi üçün təcrübəli, atletik və oyunun qurulmasına töhfə verə bilən futbolçu istəyi üçün diqqətini Fransaya yönəldib.

Transfer siyahısının ilk sırasında yer alan Malanq Sarr üçün ilk rəsmi təklif təqdim edilib. Ötən mövsüm "Lens" formasında sabit çıxışı ilə seçilən 26 yaşlı müdafiəçinin həm sol mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi kimi oynaya bilməsi mühüm üstünlük hesab olunur.

Məşqçilər korpusunun hazırladığı ətraflı hesabatlarda fransalı futbolçunun fiziki gücü, hava toplarındakı üstünlüyü və müdafiədə liderlik keyfiyyətləri ön plana çıxarılıb.

Məlumata görə, klub rəhbərliyi futbolçuya illik 5 milyon avro maaş və 2 milyon avro imza haqqı təklif edib. Bu rəqəmlər "Fənərbağça"nın transferdə nə qədər israrlı olduğunu göstərir. Sarı-göylər futbolçu tərəfdən müsbət cavab alacağı təqdirdə onun klubu ilə danışıqları da sürətləndirməyi planlaşdırır.

Malanq Sarrla Avropanın bir sıra klubları da maraqlanır. Buna görə də qarşıdakı günlərin həlledici olacağı gözlənilir. Müdafiə xəttini yüksək səviyyəli futbolçu ilə gücləndirmək istəyən "Fənərbağça" transferi qısa müddətdə yekunlaşdıraraq oyunçunu yeni mövsümün hazırlıq düşərgəsinə çatdırmağı hədəfləyir. Klub rəhbərliyi Sarrı müdafiənin yeni lideri kimi görür.

Samir

0