İki azərbaycanlı idmançı — Səbinə Məmmədova və Elşən Ağayev - "Meys – Kaş” beynəlxalq üzgüçülük marafonunda uğurla finişə çatdı.
Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən Səbinə Məmmədova və Elşən Ağayev dünyanın ən məşhur açıq su üzgüçülük yarışlarından biri olan Beynəlxalq "Meys – Kaş” Üzgüçülük Marafonunda (Uluslararası Meis-Kaş Yüzme Yarışması) uğurla iştirak edərək finişə çatdılar.
Qaynarinfo-nun verdiyi xəbərə görə, 2005-ci ildən keçirilən "Meys – Kaş” beynəlxalq üzgüçülük yarışı Yunanıstan və Türkiyə arasında dostluq və qonşuluq münasibətlərinin simvolu hesab olunur. İştirakçılar iki ölkənin dəniz sərhədini keçərək Aralıq dənizinin mənzərəli marşrutu ilə üzməlidirlər. Bu tədbir dünyanın müxtəlif ölkələrindən yüzlərlə həvəskar və peşəkar üzgüçünü cəlb edir, dözümlülük və naviqasiya baxımından ciddi sınaqdır.
Azərbaycan idmançılarının bu nüfuzlu yarışda iştirakı ölkəmizdə açıq su üzgüçülüyünə marağın artdığını və idman diplomatiyasının inkişafını göstərir. Səbinə Məmmədova və Elşən Ağayev bayrağımız altında medallarla finişə çatmaqla Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etdilər.
Qeyd edək ki, bu idman tədbiri hər il ənənəvi olaraq keçirilən Beynəlxalq Likya-Kaş Mədəniyyət və Sənət Festivalının bağlanış günü baş tutur.
Əsas Marafon 7.1 km təşkil edir. Belə ki, iştirakçılar səhər saatlarında Kaş limanından gəmi ilə Yunanıstanın Meys adasına aparılır və yarış adanın limanından start götürərək Türkiyənin Kaş limanında başa çatır.


Aydın

