Ötən gecə Dünya Çempionatının 1/8 final mərhələsində Braziliya ilə Norveç qarşılaşıb.
Hit.az xəbər verir ki, nəfəs kəsən matçda Norveç Braziliyanı 2-1 hesabı ilə məğlub edib.
Sürpriz nəticə
Braziliya favorit olaraq meydana çıxdığı matçda rəqibinə məğlub olaraq mundialla vidalaşıb. Maraqlıdır ki, Norveç 66-34 faiz nisbəti ilə topla oynamada rəqibini xeyli qabaqlayıb. Onlar, dəqiq pas ötürmələrində də öndə olublar: 681-331. Braziliya qapıya zərbələrdə üstün gəlib: 14-9. Qapıçı qurtarışlarında isə norveçlilər öndə olub: 4-3.
Haaland tarix yazmağa davam edir
Matça Erlinq Haaland damğa vurub. O, 79 və 90-cı dəqiqədə vurduğu qollarla komandasını 1/4 final mərhələsinə yüksəldib. Ulduz futbolçu ilk dəfə qatıldığı mundilada vurduğu qolların sayını da 7-yə çatdırıb.
O, bununla da 1974-cü ildə polşalı Qjeqoj Lyatonun ilk dəfə qatıldığı Dünya Çempionatında 7 dəfə fərqlənmə rekorduna şərik olub. Haaland oyunun da ən yaxşısı seçilib. Norveçli forvard meydana çıxdığı 4 oyunda vurduğu 7 qolla bombardirlik uğrunda da mübarizə aparır.
Braziliya üçün antirekordların gecəsi
Ötən gecə Braziliya futbolu üçün bir çox antirekord qeydə alınıb. Onlar, 36 il sonra ilk dəfə Dünya çempionatlarında 1/8 final mərhələsində mübarizəni dayandırıblar. Ən son 1990-cı ildə Argentinaya 1-0 uduzmaqla bu mərhələni keçə bilməmişdilər.
Bundan başqa, Braziliya artıq 5 oyundur ki, Norveçi məğlub edə bilmir. Bu isə Braziliya tarixi tarixi üçün bir ilkdir. “Sambaçılar”ın indiyə kimi qarşılaşdıqları 91 ölkə içərisində məğlub edə bilmədikləri yeganə komanda Norveçdir. Sözügedən qarşılaşmalarda 2 bərabərlik, 3 məğlubiyyət yaşayıblar.
Həmçinin, oyunun 14-cü dəqiqəsində Bruno Gimarayeş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. O, 1986-cı ildən bəri Dünya çempionatı matçında penalti qaçıran ilk braziliyalı futbolçu olub. Yəni 40 il sonra bir ilk yaşanıb. Neymar isə oyundan sonra milli komandaya vida etdiyini açıqlayıb.
Beləliklə, Norveç növbəti mərhələdə İngiltərə ilə qarşılaşacaq.
Elmir Mustafa

