Uşağın məktəbdə aşağı qiymətlər alması hər zaman dərsi mənimsəməməsi və ya kifayət qədər hazırlaşmaması ilə bağlı deyil. Bəzi hallarda bu davranış valideyn təzyiqinə etiraz, yüksək gözləntiləri doğrultmaq qorxusu və ya sinif yoldaşlarının diqqətini cəlb etmək istəyi ilə əlaqəli ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşrinə pedaqoq-psixoloq, “Umnoşkol” layihəsinin həmtəsisçisi Şamil Əhmədullin danışıb.
Mütəxəssisin sözlərinə görə, dərslər və qiymətlər ailədə davamlı münaqişə mənbəyinə çevrilirsə, uşaq valideynlərinin tələblərinə məhz bu sahədə müqavimət göstərməyə başlaya bilər. Nəzarət və cəzalar artdıqca dərs hazırlığı uşağın müstəqilliyini qorumaq uğrunda mübarizəyə çevrilə bilər.
Digər səbəb isə valideynlərin həddindən artıq yüksək gözləntiləridir. Daim əla qiymət tələb olunan uşaq uğuru nailiyyət deyil, qoruyub saxlamalı olduğu məcburiyyət kimi qəbul edə bilər. Belə vəziyyətdə o, ətrafındakıların gözləntilərini azaltmaq və məyusluqdan qorunmaq üçün dərslərə daha az səy göstərməyə başlaya bilər.
Sinif mühiti də uşağın davranışına təsir edə bilər. Yaxşı oxuyan şagirdlər sinif yoldaşlarının istehzası ilə üzləşirsə, bəziləri fərqlənməmək üçün öz bacarıqlarını gizlətməyə çalışır. Bundan başqa, valideynlər uşağa əsasən aşağı qiymət aldıqdan sonra diqqət ayırırlarsa, məktəbdəki problemlər valideyn diqqətini cəlb etmək vasitəsinə çevrilə bilər.
Psixoloq vurğulayıb ki, valideynlər uşağın aşağı qiymətlərini dərhal tənbəllik və ya qəsdən edilən hərəkət kimi qiymətləndirməməlidirlər. Əvvəlcə problemin səbəbini anlamaq vacibdir: uşaq mövzunu başa düşmür, səhv etməkdən qorxur, təzyiqdən yorulub, yoxsa davranışı ilə nəyisə ifadə etməyə çalışır?
Əhmədullin valideynlərə “Niyə yenə aşağı qiymət almısan?” sualı əvəzinə, “Görürəm ki, əvvəlki kimi çalışmaq sənə çətin gəlir. Nə baş verir?” deyə müraciət etməyi tövsiyə edib.
Onun fikrincə, əsas məqsəd uşağı cəzalandırmaq deyil, dərslə bağlı çətinlikləri aradan qaldırmasına kömək etməkdir. Bəzi hallarda bilik boşluqlarını doldurmaq, digərlərində isə ailədaxili münasibətləri və gözləntiləri dəyişmək lazım gəlir.
Samir


