Pişiklərin xoşbəxtliyi sahiblərinin emosional vəziyyəti ilə bağlıdır - ARAŞDIRMA

MARAQLI
22:56 / 26.10.2026
47

Pişiklərin və sahiblərinin emosional vəziyyəti arasında hormonal əlaqə olduğu müəyyən edilib. Araşdırma göstərib ki, insanın stress səviyyəsi ev heyvanının davranışına və orqanizmində bağlılıq hormonu kimi tanınan oksitosinin səviyyəsinə təsir göstərə bilər.

HİT.az xəbər verir ki, bu barədə Kioto Universiteti və Azabu Universitetinin alimlərinin iScience jurnalında dərc olunan tədqiqatında bildirilib.

Alimlər bir ay ərzində 19 pişik sahibi və onların 29 ev heyvanını müşahidə ediblər. Tədqiqat zamanı iştirakçıların sidiyində oksitosin və stress hormonu olan kortizolun səviyyəsi, həmçinin insanlarla pişiklər arasındakı gündəlik ünsiyyət araşdırılıb.

Nəticələrə görə, pişiklərdə oksitosinin səviyyəsi yüksək olduqda, onların sahiblərində də bu hormonun göstəricisi daha yüksək olub. Eyni zamanda, heyvanlarda oksitosinin artması sahiblərin narahatlıq, depressiya və gərginlik səviyyəsinin aşağı olması ilə əlaqələndirilib.

Əksinə, sahiblərində stress hormonu kortizolun səviyyəsi yüksək olan pişiklərdə oksitosinin daha aşağı olduğu müşahidə edilib. Bu nəticələr insanın emosional vəziyyətinin ev heyvanının fizioloji göstəriciləri ilə əlaqəli ola biləcəyini göstərir.

Araşdırma zamanı pişiklərlə daha çox vaxt keçirən sahiblərin özlərini daha enerjili və gümrah hiss etdikləri də müəyyənləşdirilib. Bununla belə, pişiyin sahibi ilə nə qədər müddətdir yaşaması həmin göstəricilərə təsir etməyib. Alimlər hesab edirlər ki, heyvanla birbaşa təmas, onu sığallamaq və oynamaq kimi fəaliyyətlər insanın əhvalına müsbət təsir göstərə bilər.

Tədqiqatın aparıcı müəllifi, Kioto Universitetinin heyvan davranışları üzrə tədqiqatçısı Saho Takagi bildirib ki, pişiklər insan həyatında sadəcə ev yoldaşı deyil, həm də emosional qarşılıqlı əlaqədə iştirak edən sosial tərəfdaşlardır.

Əlavə sınaqlar göstərib ki, oksitosin səviyyəsi yüksək olan pişiklər həm sahiblərinə, həm də tanımadıqları insanlara daha çox yaxınlaşırlar. Stress göstəriciləri yüksək olan heyvanlar isə yad insanlara yaxınlaşmağa daha az meyil göstərirlər.

Alimlərin fikrincə, əldə olunan nəticələr pişiklərin emosional baxımdan insanlardan uzaq heyvanlar olması barədə geniş yayılmış təsəvvürü yenidən nəzərdən keçirməyə əsas verir. Bununla belə, tədqiqat insan və heyvan arasındakı hormonal əlaqəni göstərsə də, müşahidə olunan bütün dəyişikliklərin birbaşa səbəb-nəticə əlaqəsi olduğunu təsdiqləmir.

Samir

0