Çin avtomobillərinə kvota tətbiq oluna bilər?

AVTO
12:12 / 26.11.2026
125

Avropa bazarında Çin istehsalı avtomobillərin payının artması və idxala yönəlik yeni məhdudiyyətlərin gündəmə gəlməsi avtomobil sektorunda rəqabət və tənzimləmə məsələlərini yenidən aktuallaşdırıb.

Bu addımlar yerli avtomobil bazarına da təsirsiz ötüşməyə bilər. Bəs Avropada tətbiq olunan belə məhdudiyyətlər Azərbaycanda da gündəmə gələ bilərmi? Ölkəmizdə hibrid avtomobillərin idxalına kvota tətbiq edilməsi nə dərəcədə realdır?

İqtisadçı ekspert Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, Avropa İttifaqının hibrid avtomobillərin idxalına kvota tətbiq etmək qərarı Azərbaycanda da müzakirə olunur:

“Lakin hesab edirəm ki, hazırkı mərhələdə belə bir qərarın Azərbaycanda tətbiqi iqtisadi baxımdan məqsədəuyğun olmazdı. Bunun əsas səbəbi Azərbaycan avtomobil bazarında Çin istehsalı avtomobillərin yaratdığı rəqabət mühitidir.

Son illərdə Çin avtomobillərinin bazara daxil olması digər istehsalçıların da qiymət siyasətinə təsir göstərib. Əvvəllər daha yüksək qiymətlərlə təklif olunan bir sıra avtomobillər üzrə qiymətlərin aşağı salınması, müxtəlif güzəştlərin və kampaniyaların tətbiqi məhz rəqabətin güclənməsi ilə bağlıdır”.

417072

Onun sözlərinə görə, bu, iqtisadi baxımdan istehlakçılar üçün müsbət nəticədir:

“Çünki bazara yeni istehsalçıların daxil olması rəqabəti artırır, qiymətlərin formalaşmasına təsir edir və avtomobil almaq istəyən insanların seçim imkanlarını genişləndirir. Azərbaycan Çin avtomobillərinin idxalına kvota tətbiq edərsə, bu, bazarda təklifin azalmasına və rəqabətin zəifləməsinə gətirib çıxara bilər.

Nəticədə digər avtomobil istehsalçıları da qiymətləri artırmaq üçün daha geniş imkan əldə edə bilərlər. Bu isə xüsusilə əhalinin alıcılıq qabiliyyətinin məhdud olduğu indiki iqtisadi şəraitdə istehlakçılara əlavə yük yarada bilər”.

Ekspert qeyd edib ki, burada tələb və təklif qanununu da nəzərə almaq lazımdır:

“Bazarda avtomobil təklifi azalır, tələb isə əvvəlki səviyyədə qalırsa, qiymətlərin yüksəlməsi ehtimalı artır. Deməli, idxal kvotası yalnız idxalın həcminə təsir göstərməyəcək, bütövlükdə avtomobil bazarında qiymətlərin formalaşmasına da müdaxilə etmiş olacaq.

Avropa İttifaqının öz avtomobil sənayesini qorumaq üçün belə mexanizmlərə müraciət etməsinin iqtisadi və sənaye siyasəti baxımından öz əsasları var. Lakin Azərbaycanın istehsal strukturu və bazar reallıqları fərqlidir. Avropa ölkələri güclü avtomobil sənayesinə malikdirlər. Azərbaycanda isə yerli istehsalın bazarın böyük hissəsini təmin etmək imkanları hələ məhduddur”.

A.İbrahimovun fikrincə, Azərbaycan hazırda avtomobil idxalını məhdudlaşdırmaq yox, bazarda sağlam rəqabəti qorumaq siyasətinə üstünlük verməlidir:

“Çin avtomobillərinin yaratdığı rəqabət digər istehsalçıları da qiymət, keyfiyyət, texnologiya və servis xidmətləri üzrə daha çevik davranmağa məcbur edir. İqtisadi siyasətin əsas məqsədlərindən biri istehlakçının rifahını qorumaqdır. Rəqabətin məhdudlaşdırılması nəticəsində qiymətlər yüksələcəksə, belə bir qərarın iqtisadi səmərəliliyi ciddi sual doğurur.

Bu səbəbdən hazırkı mərhələdə Azərbaycanda Çin avtomobillərinin idxalına kvota tətbiq edilməsini məqsədəuyğun hesab etmirəm. Dövlətin diqqəti idxal məhdudiyyətlərinə deyil, texniki təhlükəsizlik standartlarına, servis infrastrukturuna, istehlakçı hüquqlarına və rəqabətli bazar mühitinin qorunmasına yönəlməlidir”.

Sevinc

0