Uzunmüddətli uçuşlarda sərnişinlərə təqdim olunan qəhvə və çay göründüyü qədər təhlükəsiz olmaya bilər. Təcrübəli stüardessalar təyyarədə bu iki içkidən uzaq durmağı, əvəzində qablaşdırılmış su və digər içkilərə üstünlük verməyi məsləhət görürlər.
HİT.az xəbər verir ki, bu barədə "Southern Living" nəşri məlumat yayıb.
Bort bələdçilərinin narahatlığı təyyarələrdəki su çənləri və su təchizatı sisteminin vəziyyəti ilə bağlıdır. Onların sözlərinə görə, qəhvə və çay hazırlanarkən istifadə olunan su xüsusi rezervuarlardan götürülür. Bu çənlərin təmizlənməsi isə hər zaman lazımi səviyyədə aparılmır.
Adının açıqlanmasını istəməyən bir stüardessa bildirib ki, təyyarədəki isti su bəzən xlor qoxusu verir. Onun sözlərinə görə, bu, su çənlərinin dezinfeksiya edilməsi zamanı istifadə olunan kimyəvi maddələrlə əlaqəli ola bilər.
ABŞ-ın böyük aviaşirkətlərindən birində yeddi il çalışmış Miriam Louson da uçuşlar zamanı çənlərdən götürülən su ilə hazırlanan isti içkilərdən imtina etdiyini deyib. O, texniki xidmət zamanı həmin rezervuarların daxili vəziyyətini gördüyünü və bundan sonra yalnız butulkalarda satılan suya, qazlı içkilərə üstünlük verdiyini bildirib.
Aviasiya sahəsində 12 ildən artıq təcrübəsi olan keçmiş stüardessa Kaz Marzonun sözlərinə görə, bəzi hallarda texniki heyət su çənlərinin təmizlənməsi qaydalarına lazımi diqqət yetirmir. Bundan başqa, borularda zamanla mineral çöküntülər də toplanır.
Araşdırmalar nə göstərir?
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) təyyarələrin su təchizatı sistemləri ilə bağlı apardığı yoxlamalarda təxminən hər səkkiz təyyarədən birinin su təhlükəsizliyi standartlarına cavab vermədiyi müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, qəhvə və çay hazırlanan suyun yüksək temperaturda qızdırılması da onun tam təhlükəsizliyinə zəmanət vermir.
Keçmiş "Emirates" stüardessası Dion MItçell də mümkün riskləri nəzərə alaraq, sərnişinlərə qapalı qablaşdırmada olan içkiləri seçməyi tövsiyə edib. O, su çənlərinin hər uçuşdan sonra təmizlənmədiyini vurğulayıb.
Bununla belə, bütün stüardessalar və pilotlar təyyarədə qəhvə və çay içməkdən imtina etmir. Delta aviaşirkətində 35 il çalışmış Meri Uolles Volk bildirib ki, beynəlxalq uçuşlarda ekipaj üzvləri uzun saatlar oyaq qalmaq üçün çoxlu qəhvə içirdilər və bununla bağlı ciddi sağlamlıq problemi ilə qarşılaşdıqlarını eşitməyib.
Təyyarədə hansı içkilərə üstünlük vermək lazımdır?
Bort bələdçiləri sərnişinlərə zavod şəraitində qablaşdırılmış butulka suyu, bankalarda qazlı içkilər və paketlənmiş şirələr seçməyi məsləhət görürlər. Çünki bu məhsulların hazırlanmasında təyyarənin daxili su təchizatı sistemindən istifadə olunmur.
Çay içmək istəyənlərə isə özləri ilə çay paketi götürmək və mümkün olduqda qablaşdırılmış sudan hazırlanmış isti su istəmək tövsiyə edilir.
Mütəxəssislər qeyd edirlər ki, təyyarədə qəhvə və ya çay içən hər kəsin mütləq sağlamlıq problemi yaşayacağı demək deyil. Bununla belə, su sisteminin vəziyyəti ilə bağlı qeyri-müəyyənlik səbəbindən bəzi təcrübəli ekipaj üzvləri risk etməməyi üstün tuturlar.
Samir


