Daimi yorğunluq, yuxululuq, səbəbsiz çəki artımı və əhval dəyişikliyi qalxanabənzər vəzinin fəaliyyətində pozuntuların əlaməti ola bilər. Lakin bu simptomlar hər zaman həmin orqanla bağlı problemlərdən qaynaqlanmır.
HİT.az xəbər verir ki, bu barədə cərrah-endokrinoloq, onkoloq Viktor Makarın “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qalxanabənzər vəzinin xəstəliklərinin əlamətləri orqanın normadan az və ya çox hormon istehsal etməsindən asılıdır.
Mütəxəssis qeyd edib ki, hipotireoz zamanı, yəni vəzinin fəaliyyəti zəiflədikdə, insanda davamlı yorğunluq, yuxululuq, soyuğa həssaslıq, dərinin quruması və qəbizlik müşahidə oluna bilər. Bəzi hallarda çəki artımı, iş qabiliyyətinin azalması və diqqəti cəmləməkdə çətinlik də yaranır.
Hipertireoz zamanı isə hormonların həddindən artıq istehsalı ürək döyüntülərinin sürətlənməsi, əllərdə titrəmə, tərləmə, əsəbilik, yuxu pozuntuları və səbəbsiz arıqlama ilə müşayiət oluna bilər.
Həkim boyun nahiyəsindəki dəyişikliklərə də diqqət çəkib. Boynun ön hissəsində şişkinlik və bərkimə, təzyiq hissi, udqunma çətinliyi və səbəbi bilinməyən səs batması həkimə müraciət üçün əsasdır.
Bununla belə, mütəxəssis vurğulayıb ki, sadalanan əlamətlərin bir neçəsinin eyni vaxtda müşahidə olunması mütləq qalxanabənzər vəzi xəstəliyinin mövcudluğunu göstərmir. Yorğunluq və yuxululuq yuxu çatışmazlığı, stress və ya qanazlığı ilə, ürəkdöyünmə isə ritm pozuntuları, narahatlıq və bəzi dərmanların qəbulu ilə əlaqəli ola bilər.
Makarının sözlərinə görə, artıq çəkinin səbəbi də hər zaman qalxanabənzər vəzinin fəaliyyəti deyil. Əksər hallarda buna qidalanma xüsusiyyətləri və fiziki aktivliyin azlığı təsir göstərir. Hipotireoz çəki artımına səbəb ola bilsə də, bu artım adətən mülayim olur və əsasən orqanizmdə mayenin ləngiməsi ilə bağlıdır.
Samir


