“Mercedes-AMG”nin elektrikli flaqmanı satışa çıxdı - FOTOLAR

AVTO
17:00 / 25.11.2026
33

Almaniyanın yüksək performanslı avtomobillər istehsalçısı “Mercedes-AMG” sırf elektrikli idman modelləri üçün sıfırdan layihələndirdiyi AMG.EA platformasının ilk seriya istehsalı olan yeni “Mercedes-AMG GT 4-Door Coupe” modelini bazarlara təqdim edib. 

Hit.az xəbər verir ki, yeni nəsil dördqapılı kupe ultra-kompakt mühərrik texnologiyası və rekord şarj sürəti ilə lüks idman elektromobilləri seqmentində yeni standartlar müəyyənləşdirir.   

Hər iki modifikasiyada “Mercedes-Benz”in tam mülkiyyətində olan Böyük Britaniyanın “YASA” mühəndislik şirkəti tərəfindən hazırlanan üç ədəd eksenel axınlı elektrik mühərrikindən istifadə olunur. Kompakt ölçülərinə baxmayaraq ekstremal güc hasil edən bu aqreqatlar avtomobili iki fərqli performans səviyyəsində təqdim edir:   

“Mercedes-AMG GT 55 4MATIC+”: Ümumilikdə 816 at gücü (600 кVt) və 1 860 Nm fırlanma anı təmin edir. Avtomobil 0-dan 100 km/saat sürəti 2,8 saniyəyə, 200 km/saat sürəti isə 9 saniyəyə yığır və WLTP standartına əsasən 675 kilometrə qədər yürüş məsafəsi təklif edir.   

“Mercedes-AMG GT 63 4MATIC+”: Seriyanın fləqman versiyası 1 169 at gücü (860 кVt) və 2 000 Nm fırlanma anı hasil edir. Bu modifikasiya 0-100 km/saat sürətlənməsini cəmi 2,4 saniyəyə tamamlayır və bir şarjla 660 kilometr (WLTP) məsafə qət edə bilir.   

Hər iki versiya xüsusi “Drivers Package” opsiyası ilə saatda 300 kilometr maksimal sürətə çata bilir. Güc AMG Performance 4MATIC+ tam ötürmə sistemi vasitəsilə dörd təkərə paylanır.   

Üstəlik, avtomobildə Formula 1 texnologiyalarından bəhrələnən 106 кVt/saat faydalı tutuma malik litium-ion batareya paketi quraşdırılıb. Batareya hüceyrələrinin ətrafından dövr edən xüsusi soyutma yağı yüksək yüklənmə zamanı belə elementlərin optimal temperaturda qalmasını təmin edir.   

Həmçinin, 800 voltluq elektrik sistemi sayəsində uyğun ultra-sürətli stansiyalarda 600 кVt-dan çox şarj gücü qəbul olunur. Bu da nəqliyyat vasitəsinə cəmi 10 dəqiqəlik enerji dolumu ilə təxminən 460 kilometrlik əlavə yürüş ehtiyatı qazandırır. Batareyanın 10 faizdən 80 faiz-ə qədər doldurulması 600 кVt-lıq stansiyalarda cəmi 11 dəqiqə, 350 кVt-lıq stansiyalarda isə 16 dəqiqə çəkir.   

Qeyd edək ki, qlobal lüks avtomobil bazarında satılan hər iki yüksək seqmentli “Mercedes-Benz” avtomobilindən birinin “AMG” imzası daşıdığı vurğulanır. Brendin 60 illik yubileyini qeyd edəcəyi 2027-ci ildə V8 mühərrikli yeni CLE 63 modeli də daxil olmaqla 10-dan çox yeni “AMG” modelinin qlobal bazarlara çıxarılması planlaşdırılır.

Pərviz

0