Bir anlıq diqqətsizlik ömürlük faciəyə çevrilə bilər

ÖLKƏ
16:48 / 25.11.2026
41

Son vaxtlar uşaqların hündürmərtəbəli binaların pəncərələrindən və eyvanlarından yıxılması ilə nəticələnən faciəli hadisələr cəmiyyəti ciddi şəkildə narahat edir.

Xüsusilə son bir ay ərzində bir neçə belə hadisənin baş verməsi uşaqların ev şəraitində təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Bir neçə dəqiqəlik diqqətsizlik, açıq qalmış pəncərə və ya qorunmayan eyvan bir ailənin həyatını alt-üst edən faciəyə çevrilə bilir.

Uşaqlar dünyanı böyüklər kimi dərk etmirlər. Onların marağı, hər şeyi araşdırmaq istəyi və təhlükəni əvvəlcədən qiymətləndirə bilməməsi bəzən gözlənilməz nəticələrə səbəb olur. Pəncərənin arxasından gələn səs, həyətdə oynayan uşaqlar, uçan quş və ya sadəcə maraq hissi körpəni təhlükəli bir addıma sövq edə bilər. Üstəlik, azyaşlı uşağın bir neçə saniyə ərzində nə edəcəyini əvvəlcədən təxmin etmək mümkün deyil.

Əslində, bu suala yalnız hadisədən sonra kənardan baxaraq cavab vermək asan olsa da, hər bir faciənin arxasında fərqli şərait və səbəblər dayana bilər. Heç bir valideyn övladının həyatını təhlükəyə atmaq, onun başına bədbəxt hadisə gəlməsinə səbəb olmaq istəməz. Heç bir ana və ata öz canından bir parça olan övladının barmağının belə inciməsini arzulamaz. Lakin valideyn sevgisi ilə yanaşı, təhlükəsizlik tədbirləri də mütləq olmalıdır.

Uşağın evdə olması onun təhlükəsiz yerdə olması demək deyil. Xüsusilə çoxmərtəbəli binalarda yaşayan ailələr pəncərələrin və eyvanların təhlükəsizliyinə xüsusi diqqət yetirməlidirlər. Pəncərələrə uşaq kilidləri quraşdırmaq, qoruyucu məhdudlaşdırıcılardan istifadə etmək, mebel və stulları pəncərə kənarından uzaqlaşdırmaq, eyvan qapılarını uşaqların nəzarətsiz aça bilməyəcəyi vəziyyətdə saxlamaq vacibdir. Ağcaqanad torlarının isə uşağı yıxılmaqdan qoruyan vasitə olmadığını unutmamaq lazımdır.

Digər mühüm məqam isə uşaqları evdə, xüsusilə açıq pəncərə və eyvanın yaxınlığında tək qoymamaqdır. Bəzən valideynlər gündəlik işlərlə məşğul olarkən uşağın sakit şəkildə oynadığını düşünürlər. Ancaq uşaqların davranışı bir anda dəyişə bilər. Bu səbəbdən təhlükəsizlik yalnız uşağa nəzarət etməklə deyil, onun olduğu məkanı da təhlükəsiz vəziyyətə gətirməklə təmin olunmalıdır.

Baş verən faciələrdən sonra sosial şəbəkələrdə də geniş müzakirələr aparılır. İstifadəçilərin bir qismi hadisələrə görə valideynləri günahlandırır, daha diqqətli davranılsaydı, belə itkilərin qarşısını almağın mümkün olduğunu düşünür. Digərləri isə valideynlərin onsuz da övlad itkisi ilə üzləşdiyi bir vaxtda onları ittiham etməyin nə qədər doğru olduğunu müzakirə edir.

Təbii ki, uşaqların təhlükəsizliyi məsələsində valideyn məsuliyyəti danılmazdır. Lakin faciə baş verdikdən sonra yalnız qınamaqla heç nəyi dəyişmək mümkün deyil. Əsas məsələ bu hadisələrdən nəticə çıxarmaq, təhlükələri əvvəlcədən görmək və digər ailələrin də eyni ağrını yaşamaması üçün maarifləndirməni gücləndirməkdir.

Çünki uşağın təhlükəsizliyi təsadüfə buraxılacaq məsələ deyil. Bəzən bir kilid, bir qoruyucu mexanizm və vaxtında göstərilən diqqət bir insanın həyatını xilas edə bilər.

Sevinc

0