Xalq artisti Naibə Allahverdiyevanın 35 il sonra atasının məzarı Ağdamın Mərzili kəndində tapılıb.
HİT.az xəbər verir ki, bununla bağlı Xalq artisti sosial şəbəkədə məlumat yayıb. Aktrisa ilk dəfə olaraq atasının məzarını ziyarət edib.
"1957-ci ildə üçrəngli bayrağı Qız qalasına sancan və 10 il sürgün həyatı yaşayan Cahid Hilaloğlunun – can bağımın məzarı uzun illər sonra tapıldı, təsəlli tapdım", - deyə o paylaşımında qeyd edib.
Naibə Allahverdiyeva atasının məzarının tapılmasında kömək edən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Cahid Hilaloğlu sovet dövründə milli azadlıq ideyalarını müdafiə edən fəallardan biri olub. O, 1957-ci il mayın 28-də – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümündə Sovet hakimiyyətinə etiraz əlaməti olaraq Azərbaycanın üçrəngli bayrağını Qız Qalasının üzərinə sancıb. Bu cəsarətli addımına görə o, 10 il müddətinə azadlıqdan məhrum edilib, siyasi fəaliyyət hüququndan məhrum olunaraq ağır təqiblərlə üzləşib. Buna baxmayaraq, Cahid Hilaloğlu həyatının sonuna qədər milli ideallarına sadiq qalıb. O, 1991-ci ildə dünyasını dəyişib.
Cahid Hilaloğlu Xalq artisti Naibə Allahverdiyevanın ögey atası olub və onun həyatında mühüm rol oynayıb.


