Bürclər və əyləncə xarakterli psixoloji testlərdəki ümumi təsvirlərin insanlara özəl xüsusiyyətlər kimi görünməsinin elmi izahı var. Psixoterapevtlər bunu “Barnum effekti” adlandırırlar. Bu psixoloji mexanizm insanın hamıya uyğun gələ biləcək fikirləri məhz özünə aid hesab etməsi ilə bağlıdır.
HİT.az xəbər verir ki, bu barədə rusiyalı həkim-psixoterapevt, tibb elmləri namizədi İrina Kraşkina “İzvestiya” nəşrinə açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, belə testlərdə istifadə olunan ifadələr adətən kifayət qədər ümumi və fərqli şəkildə şərh edilə biləcək formada hazırlanır. Məsələn, “başqalarının fikrinə dəyər verirsiniz, amma müstəqil olmağa çalışırsınız” və ya “bəzən özünüzə güvənirsiniz, bəzən isə bacarıqlarınızdan şübhələnirsiniz” kimi cümlələr insanların böyük əksəriyyətinə uyğun gəlir.
Bu fikirlərdə bir-birinə zidd xüsusiyyətlərin birləşdirilməsi insanın həyatında müxtəlif nümunələr tapmasına şərait yaradır. Nəticədə o, təsvirin məhz öz xarakterini əks etdirdiyini düşünür.
Kraşkinanın izahına görə, burada təsdiqləmə qərəzi də mühüm rol oynayır. İnsanlar özləri haqqında mövcud təsəvvürlərinə uyğun gələn məlumatları daha tez qəbul edir, uyğun olmayan məqamları isə nəzərə almamağa meyilli olurlar. Əgər şəxs testin nəticəsinə əvvəlcədən inanırsa, həmin nəticəni təsdiqləyən nümunələri daha fəal axtarır.
Stress zamanı insanlar belə testlərə daha çox inanırlar
Psixoterapevt bildirib ki, insanın emosional vəziyyəti də Barnum effektinin təsirini gücləndirə bilər. Xüsusilə stress, qeyri-müəyyənlik və ciddi həyat dəyişiklikləri zamanı insanlar baş verənləri anlamağa, özlərini daha yaxşı tanımağa çalışırlar.
Bürclər və şəxsiyyət tipləri ilə bağlı testlər mürəkkəb suallara sadə cavablar təqdim edir. Bu isə insanda yaşadığı hadisələri anlamaq və vəziyyətə nəzarət etmək hissi yarada bilər.
Bununla belə, mütəxəssis Barnum effektinə həssaslığın bütün insanlarda eyni olmadığını vurğulayıb. Yaş, şəxsi təcrübə, gözləntilər və mövcud şərait bu məsələyə münasibətə təsir göstərə bilər.
Psixoloji testlər nə zaman təhlükəli ola bilər?
Kraşkinanın fikrincə, əyləncə xarakterli testlərin nəticələrində özünü tanımaq mütləq mənfi hal deyil. Belə materiallar insanı öz vərdişləri, dəyərləri və münasibətləri barədə düşünməyə sövq edə, hətta əhvalını yaxşılaşdıra bilər.
Lakin təhlükə həmin nəticələrin şəxsiyyət haqqında obyektiv və elmi qiymətləndirmə kimi qəbul edilməsi ilə başlayır. İnsan bu cür təsvirlərə əsaslanaraq ciddi qərarlar verirsə və davranışını dəyişirsə, yanlış nəticələrlə üzləşə bilər.
Mütəxəssis psixoloji testlərin elmi əsasını müəyyənləşdirmək üçün onların kim tərəfindən hazırlandığına, hansı məqsədə xidmət etdiyinə, etibarlılıq və validlik baxımından yoxlanılıb-yoxlanılmadığına diqqət yetirməyi tövsiyə edib.
Samir


