Alimlər suyu iki almaz arasında sıxaraq gözlənilməz nəticə əldə etdilər

MARAQLI
17:15 / 06.11.2026
48

Fiziklər suyu son dərəcə yüksək təzyiq altında sıxaraq onun kristal quruluşunda əvvəllər proqnozlaşdırılan dəyişiklikləri eksperimental olaraq müşahidə ediblər. Məlum olub ki, təzyiq təxminən 222 giqapaskalı keçdikdə buzun kristal qəfəsi əvvəlki kubik simmetriyasını itirərək daha mürəkkəb quruluşa keçir.

HİT.az xəbər verir ki, ABŞ-ın Nevada Universiteti, Kaliforniya Universitetinin Berkli kampusu və Arqon Milli Laboratoriyasının alimləri tərəfindən aparılan tədqiqatın nəticələri “Communications Chemistry” jurnalında dərc olunub.

Tədqiqatçılar suyun son dərəcə yüksək təzyiq şəraitində yaranan formalarından biri olan X buzunu araşdırıblar. Bunun üçün nümunə iki almaz ucluq arasında sıxılıb. Əldə edilən təzyiq atmosfer təzyiqindən təxminən 2,2 milyon dəfə yüksək olub.

Alimlər atomların yerləşməsindəki dəyişiklikləri sinxrotron rentgen şüalarının nümunədən səpilməsini təhlil etməklə izləyiblər. Müşahidələr göstərib ki, təzyiq artdıqca X buzunun kubik kristal qəfəsi deformasiyaya uğrayır və daha mürəkkəb quruluş formalaşır.

Maraqlıdır ki, belə bir dəyişiklik əvvəllər nəzəri hesablamalar əsasında proqnozlaşdırılmışdı. Yeni eksperiment isə bu ehtimalın real şəraitdə də mümkün olduğunu göstərib.

Tədqiqatçılar yeni kristal quruluşun simmetriyası ilə bağlı iki mümkün variant müəyyən ediblər. Kvant-mexaniki hesablamalar onlardan birini daha çox dəstəkləsə də, suyun bu ekstremal formasının dəqiq quruluşunu müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Kəşf xüsusilə Uran və Neptun kimi buz nəhənglərinin daxili quruluşunu öyrənmək baxımından əhəmiyyətlidir. Belə planetlərin dərin qatlarında maddələr çox yüksək təzyiqə məruz qalır. Suyun bu şəraitdə necə dəyişdiyini anlamaq planetlərin daxili xüsusiyyətlərini modelləşdirməyə və müşahidə nəticələrini daha düzgün şərh etməyə kömək edə bilər.

Alimlər qeyd edirlər ki, laboratoriya təcrübəsində əsasən yüksək təzyiq şəraiti modelləşdirilib. Planetlərin daxili qatlarında isə temperatur göstəriciləri də fərqlidir. Buna görə əldə olunan nəticələrin həmin göy cisimlərinə tətbiqi üçün əlavə tədqiqatlar aparılmalıdır.

Samir
 

0