Alimlər beyin sağlamlığı üçün rəqs edənlərə rolları dəyişməyi tövsiyə edirlər

MARAQLI
12:43 / 08.11.2026
39

Cütlük şəklində rəqs etməyin beyin və bədən sağlamlığına faydası tərəfdaşlardan hansının rəqsi idarə etməsindən və onların bioloji cinsindən asılı ola bilər. Alimlər hesab edirlər ki, rəqs zamanı lider və izləyici rollarının dəyişdirilməsi beyin fəaliyyətinə daha çox fayda verə bilər.

HİT.az xəbər verir ki, bu barədə ABŞ-ın Augusta Universitetinin tədqiqatçılarının və onların həmkarlarının apardığı araşdırmada bildirilib. Tədqiqatın nəticələri “Frontiers in Psychology” jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, valsdan tanqoya qədər müxtəlif cütlük rəqsləri insanlardan hərəkətləri uyğunlaşdırmağı, musiqini dinləməyi və tərəfdaşın növbəti addımını təxmin etməyi tələb edir. Bu proses eyni zamanda fiziki aktivliyi, yaddaşı, diqqəti və ünsiyyət bacarıqlarını inkişaf etdirir.

Tədqiqatçılar 1412 nəfərin iştirak etdiyi 11 klinik sınağın nəticələrini təhlil ediblər. Araşdırma göstərib ki, müntəzəm rəqs məşğələləri beynin yaşla əlaqədar zəifləməsini ləngitməyə kömək edən koqnitiv ehtiyatın formalaşmasına töhfə verir.

Bununla belə, əvvəlki tədqiqatlarda iştirakçıların cinsi və rəqs zamanı hansı rolu yerinə yetirməsi çox vaxt nəzərə alınmayıb.

Rəqsin faydası qadın və kişilərdə fərqlənə bilər

Müəlliflər qeyd edirlər ki, bioloji fərqlər fiziki və zehni məşqlərin nəticələrinə təsir göstərə bilər. Əvvəlki meta-analizlərin məlumatlarına əsasən, orta və yaşlı dövrdə olan qadınlarda müntəzəm məşqlər yaddaş, diqqət və özünənəzarət bacarıqlarının inkişafına daha nəzərəçarpan təsir göstərə bilər.

Alimlər bunu estrogen hormonunun neyronlara mümkün qoruyucu təsiri ilə əlaqələndirirlər. Kişilərdə isə testosteronun təsiri ilə dözümlülük və əzələ kütləsinin daha sürətli artdığı bildirilir.

Rəqs zamanı zədələnmə riskləri də fərqlənə bilər. Qadın rəqqaslarda oynaqların, kişilərdə isə tərəfdaşlarını dəstəkləyərkən çiyin qurşağının zədələnməsi ehtimalı daha yüksək ola bilər.

Rolları dəyişmək beyin fəaliyyətini gücləndirə bilər

Tədqiqatda ən çox diqqət çəkən məqamlardan biri rəqsdə lider və izləyici rollarının bölgüsüdür. Ənənəvi rəqs üslublarında adətən kişi hərəkətləri idarə edir, qadın isə onun addımlarını izləyir.

Lider fiqurları planlaşdırır və istiqaməti müəyyənləşdirir. İzləyici isə tərəfdaşının hərəkətlərini daim izləməli, onun siqnallarını düzgün anlamalı və dərhal uyğunlaşmalıdır.

Müəlliflərin fikrincə, hər iki rol beynin fərqli funksiyalarını işə salır. Rolların daim eyni şəxslər arasında bölüşdürülməsi isə bəzi koqnitiv bacarıqların inkişaf imkanlarını məhdudlaşdıra bilər. Belə ki, liderlər daha çox planlaşdırma, izləyicilər isə çeviklik və uyğunlaşma bacarıqlarını məşq etdirirlər.

Bu səbəbdən alimlər rəqs zamanı tərəfdaşların vaxtaşırı rollarını dəyişməsini, eləcə də iştirakçıların öz rollarını sərbəst seçə bildiyi inklüziv rəqs formatlarından istifadəni təklif edirlər.

Tədqiqatçılar gələcək araşdırmalarda iştirakçıların bioloji cinsinin, hormonal vəziyyətinin və rəqs zamanı yerinə yetirdikləri rolların ayrıca nəzərə alınmasının vacibliyini vurğulayırlar.

Samir

0