Dünyanın ən kiçik it cinslərindən biri hesab olunan çihuahuaların genetik mənşəyi ilə bağlı maraqlı fakt üzə çıxıb. Alimlər müəyyən ediblər ki, bu itlərin DNT-sində qədim dövrlərdə koyotlarla (çöl canavarları) baş vermiş çarpazlaşmanın izləri var. Bununla belə, həmin genetik xüsusiyyətlərin heyvanların davranışına ciddi təsir göstərdiyi düşünülmür.
HİT.az xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan araşdırma Stenford Universitetinin alimləri tərəfindən aparılıb. Tədqiqatçılar müxtəlif növlərin genetik mənşəyini daha ətraflı təhlil etmək üçün yeni proqram alqoritmini sınaqdan keçirərkən çihuahuaların DNT-sində gözlənilməz nəticə ilə qarşılaşıblar.
Araşdırmaya görə, bu cinsin genetik tarixində Kolumbdan əvvəlki Amerika dövründə yaşamış itlərin mühüm rolu olub. Çihuahuaların əcdadlarının tolteklər sivilizasiyası tərəfindən əhliləşdirilmiş kiçik teçiçi itləri olduğu ehtimal edilir. Həmin it cinsi sonradan yoxa çıxsa da, müasir çihuahualar onun genetik xüsusiyyətlərinin təxminən 4 faizini qoruyub saxlayıblar.
Stenford Universitetinin genetiki Aleksandr İoannidis bildirib ki, alimlər bu genetik materialın daxilində koyotlara məxsus daha kiçik DNT fraqmentləri də aşkar ediblər. Onun fikrincə, bu izlər Avropalıların Amerika qitəsinə gəlişindən xeyli əvvəl Meksikada yerli itlərlə koyotların çarpazlaşması nəticəsində yaranıb.
Bu ehtimalı gücləndirən məqamlardan biri də eyni DNT fraqmentlərinin Çin təpəli itlərində aşkarlanmasıdır. Bu fakt hər iki cinsin qədim dövrlərdə ortaq genetik mənşəyə malik ola biləcəyini göstərir.
Qədim genlər davranışa təsir edirmi?
Çihuahuaların kiçik bədən quruluşuna baxmayaraq, bəzən özlərini iri və təhlükəli yırtıcılar kimi aparması sahiblərinə yaxşı tanışdır. Bu davranışı onların vəhşi əcdadları ilə əlaqələndirmək mümkün görünsə də, alimlər belə nəticəyə gəlməyə tələsmirlər.
İoannidisin sözlərinə görə, koyotlara məxsus DNT fraqmentləri çihuahuaların ümumi genetik materialının cəmi 0,1 faizini təşkil edir. Buna görə həmin genlərin heyvanların davranışına təsiri varsa belə, çox cüzi ola bilər.
Genetik alim həmçinin vurğulayıb ki, çihuahuaların kiçik ölçüləri də uzunmüddətli seleksiyanın nəticəsidir. İnsanlar nəsillər boyu daha balaca itləri seçərək cinsin miniatür xüsusiyyətlərini möhkəmləndiriblər.
Araşdırma göstərir ki, müasir it cinslərinin genetik tarixi düşünüldüyündən daha mürəkkəbdir və onların formalaşmasında qədim dövrlərdə müxtəlif növlər arasında baş vermiş genetik əlaqələr də rol oynayıb.
Samir


