Otel otaqlarında ən çirkli əşyalardan biri məlum oldu

MARAQLI
14:30 / 06.11.2026
42

Otel otaqlarında yataq dəstlərinin təmiz olması hər zaman bütün yatağın gigiyenik olduğu anlamına gəlmir. Səyahətçilərə otağa daxil olduqdan sonra çarpayının üzərində yerləşdirilən dekorativ parça zolağını dərhal götürmək tövsiyə olunur. Çünki bu əşya digər yataq dəstləri kimi hər qonaqdan sonra yuyulmaya bilər.

HİT.az xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.

Söhbət otellərdə çarpayının aşağı hissəsinə eninə yerləşdirilən rəngli dekorativ parçadan gedir. “Sblga” adlı YouTube kanalının müəllifi bildirib ki, bu detalın əsas məqsədi otağın görünüşünü daha cəlbedici etməkdir. Əksər otellərdə ağ rəngli yataq dəstlərindən istifadə olunur. Rəngli parça isə interyerə əlavə görüntü müxtəlifliyi verir.

Bununla yanaşı, dekorativ zolağın başqa bir funksiyası da var. Belə ki, qonaqlar otağa daxil olduqda çantalarını çarpayının üzərinə qoyur, dincəlmək üçün oturur və bəzən ayaqqabılarını belə çıxarmırlar. Bu zaman çarpayının aşağı hissəsində yerləşən parça çirk və tozun yataq dəstlərinə keçməsinin qarşısını qismən alır.

Lakin problem ondadır ki, yataq dəstləri hər qonaq dəyişdikdən sonra yuyulduğu halda, dekorativ parçalar əksər otellərdə yalnız müəyyən fasilələrlə təmizlənir. Nəticədə onların üzərində əvvəlki qonaqların çamadanlarından, ayaqqabılarından və şəxsi əşyalarından keçən çirk, eləcə də bakteriyalar toplana bilər.

Bu səbəbdən təcrübəli səyahətçilər həmin parçaları otağa yerləşdikdən dərhal sonra çarpayıdan götürməyi məsləhət görürlər.

Bu tövsiyə yalnız səyahət bloqerləri tərəfindən səsləndirilmir. Otaqların təmizliyinə nəzarət edən otel əməkdaşı Marqarita Sidiroğlu da TikTok hesabında paylaşdığı videoda dekorativ parçaların çarpayıdan götürülərək baqaj üçün nəzərdə tutulan dayağa qoyulmasını nümayiş etdirib. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər bu cür dekorativ elementlərin müntəzəm yuyulmadığını bilmədiklərini bildirərək, otellərdə onların ümumiyyətlə istifadəsindən imtina edilməsini təklif ediblər.

Samir
 

0