“Azəriqaz” DİN-ə müraciət etdi- Məlum paylaşımla bağlı

16:01 / 28.04.2020
1222

“Azəriqaz” İB Daxili İşlər Nazirliyinə müraciət edib.

Hit.Az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin Daxili İşlər Nazirliyinə ünvanladığı telefonoqramda son günlər sosial şəbəkələrdə təxribat xarakterli məlumatların yayılması əksini tapıb.

“Azəriqaz”ın DİN-ə müraciətinin mətnini təqdim edirik: “Qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə “Azəriqaz” İstehsalat Birliyi haqqında yalan məlumatlar yayılıb. “Youtube”, “Facebook” sosial şəbəkələri və “WhatsApp”, “İnstagram” messencerlərində naməlum şəxs (və ya şəxslər) tərəfindən həqiqətə uyğun olmayan “Azəriqaz smart-karta edilən son ödənişləri sizə geri qaytarır” kimi yanlış məlumatlar paylaşılıb, səs yazıları, elanlar verilib. 

Buna görə də ölkə üzrə fəaliyətinə icazə verilən bəzi marketlərdəki “E-manat”, “MilliÖn” və s. ödəmə terminalları qarşısında aprelin 26-sı gecə saatlarında karantin rejiminin tələbləri pozulmaqla ciddi sıxlıq və növbələr yaranıb. Bildirmək istərdik ki, tövsiyə olunan yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsurun yaranması, kartların bloklanması və yararsız hala düşməsi, eləcə də Birliyə və istehlakçılara maddi ziyanın vurulması ilə nəticələnə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu kimi təxribat xarakterli məlumatların yayılmasının qarşısının alınması məqsədilə, təqsirli şəxs(lər)in dairəsinin müəyyən və məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş edirik”.

0