Beyin yorğunluğu yaddaşa necə təsir edir?

SAĞLAMLIQ
10:55 / 23.07.2026
183

Açarı hara qoyduğunu, bir neçə dəqiqə əvvəl deyilən sözü və ya planlaşdırdığı işi xatırlaya bilməmək artıq təkcə yaşlı nəslin problemi hesab edilmir. 

Son illər müxtəlif yaş qruplarından olan insanlar yaddaşın zəifləməsi və diqqətin dağılması ilə bağlı həkimlərə daha çox müraciət edirlər. Bəs tez-tez baş verən unutqanlıq hansı xəstəliklərin ilkin xəbərdaredici əlaməti ola bilər və bu zaman hansı müayinələrdən keçmək lazımdır?

Həkim-terapevt, tibbi ekspert Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, müasir həyatın yüksək tempi, emosional gərginlik və kifayət qədər dincəlməmək sinir sisteminin fəaliyyətinə təsirsiz ötüşmür:

405389

“Beyin uzun müddət fasiləsiz işlədikdə diqqətin toplanması və məlumatların xatırlanması əvvəlki qədər sürətli olmaya bilər. Beyin minlərlə informasiyanı eyni anda emal edən mürəkkəb bir orqandır. Bu səbəbdən bəzən tanış bir insanın adını və ya hər hansı hadisənin təfərrüatını dərhal xatırlaya bilməmək normal fizioloji hal kimi qiymətləndirilə bilər.

Yaddaşın və idrak funksiyalarının qorunması üçün yalnız dərman vasitələri deyil, keyfiyyətli yuxu, sağlam qidalanma, fiziki aktivlik və zehni məşqlər də mühüm rol oynayır. Zərurət yarandıqda isə hər hansı preparat yalnız həkimin tövsiyəsi ilə istifadə edilməlidir”.

Ekspertin dediyinə görə, arabir baş verən unutqanlıq, xüsusilə də gərgin iş dövründə ortaya çıxırsa, bu, əksər hallarda təhlükəli xəstəlik əlaməti sayılmır və istirahətdən sonra aradan qalxa bilir:

“Lakin insan yaxın zamanda yaşadığı hadisələri, hər gün istifadə etdiyi marşrutu, ailə üzvlərini və ya tanış simaları tanımaqda çətinlik çəkirsə, bu artıq sadə unutqanlıqdan fərqli vəziyyət hesab olunur. Belə əlamətlər Altsheymer kimi neyrodegenerativ xəstəliklərin başlanğıc mərhələsinə işarə edə bilər və mütləq nevroloq tərəfindən qiymətləndirilməlidir”.

Günel Cəlilova

0