“Cəmiyyətdə uzun illər ərzində müəyyən bir stereotiplər formalaşıb ki, qadınlar kişidən nisbətən qısa olmalıdır. Yəni qadının boyunun kişidən qısa olması ideal hesab olunur”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu səbəbdən də qadın kişidən hündür olması və ya boy fərqinin çox nəzərə çarpması diqqət çəkir:
“Halbuki, bu psixoloji və münasibət baxımından hansısa problem yaratmır. Bu, daha çox cəmiyyətin yaratdığı bir stereotip və gözləntidir. Yəni xoşbəxt münasibətin əsası boyda deyil, qarşılıqlı hörmətdə, anlayışda, emosional uyğunluqda və sağlam ünsiyyətdədir”.
Ekspert qeyd edib, əgər cütlüklər qarşılıqlı olaraq görünüşlərini qəbul edirlərsə, boy fərqini problem etmirlərsə, istər-istəməz bu cütlüklər cəmiyyət tərəfindən normal qarşılana bilər:
“Bu zaman da hansısa narahatçılıq olmaz. Lakin cəmiyyətin fikri cütlüyün fikrindən daha üstün olanda problem yaranır. Yəni bu, cütlüyü artıq narahat edir, çünki cəmiyyətin fikrinə daha çox önəm verirlər. Hətta bəzən düşünürlər ki, kişilər qadınların özlərindən qısa olmasını sevmirlər.
Üstəlik, kişinin boyunun qısa olması ilə bağlı qadının da rəfiqələri müəyyən fikirlər söyləyirlər. Bu isə narahatlığa səbəb ola bilər. Hərçənd ki, buradakı narahatlıq boydan deyil, özgüvənsizlik və sosial təzyiqdən qaynaqlanır. Əgər bir insanın özgüvənində kiçik də olsa problem varsa və sosial təzyiq ona daha çox təsir edirsə, boy fərqi həmin cütlüklərə təsir etməyə başlayacaq”.
Psixoloq onu da əlavə edib ki, kişilərin qadınlardan uzun olması isə cəmiyyətdə normal qarşılanır:
“Çünki cəmiyyət tərəfindən bəylərin əsasən daha güclü və dominant görünməyi gözlənilir. Hətta filmlər və seriallarda belə bəylərin daha uzun olmasına çalışırlar. Yəni bu formalaşdırılan bir stereotip və düşüncə tərzidir. Buna görə də hündürboy kişi çox vaxt üstünlük kimi qiymətləndirilir.
Halbuki boy insanın nə qadınlığının, nə kişiliyinin heç bir şeyini müəyyən etmir. Onlar daha çox sosial təsəvvürlərdir. Hazırkı dövrdə münasibətlərdə insanların diqqət yetirdiyi meyar emosional uyğunluq, ortaq dəyərlər, qarşılıqlı dəstək, diqqət, nəvaziş və anlayışdır. Boy isə yalnız fiziki xüsusiyyətdir və münasibətin formalaşmasına heç bir təkan edə bilmir”.
Nabat Mirzəyeva fikirlərini belə yekunlaşdırıb:
“Bəzi araşdırmalar göstərir ki, nadir də olsa, boy fərqi belə ayrılığa səbəb olur. Ancaq əsasən ünsiyyət problemləri, hörmətsizlik, diqqətsizlik, xəyanət və emosional uzaqlaşmalar ayrılığa gətirib çıxarır. Yəni münasibətin davam etməsini boy deyil, insanların xarakterləri müəyyən edir”.
Pərviz



