Ölkəmizdə fərdi psixoloqlar var?

ÖLKƏ
15:00 / 22.07.2026
195

“Azərbaycanda fərdi psixoloq, yəni insanın uzun illər eyni psixoloqla davamlı işləməsi hələ tam formalaşmayıb”.

Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, ölkədə fərdi psixoloq “yoxdur” da deyə bilmərik:


“Fərdi psixoloqun olmasının üstünlüyü ondadır ki, o, insanın həyat tarixçəsini, şəxsiyyət xüsusiyyətlərini, əvvəlki travmalarını, davranış nümunələrini və daxili resurslarını bildiyi üçün yeni yaranan çətinliklərin səbəbini daha tez müəyyənləşdirə və daha effektiv psixoterapevtik yardım göstərə bilir. 


Ən çox rast gəlinən hallardan biri isə problemin kəskin əlamətləri qismən aradan qalxdıqdan sonra terapiyanın dayandırılmasıdır. Halbuki, simptomun azalması hər zaman problemin kökündən həll edilməsi demək deyil. Nəticədə psixoloq insanın psixi sağlamlığını qoruyan, şəxsi inkişafını müşayiət edən uzunmüddətli peşəkar tərəfdaş kimi deyil, daha çox “problemi həll edən mütəxəssis” kimi qəbul olunur”.

Ekspert qeyd edib ki, sizin həyatınızda hər hansı bir problem yaranır, amma eyni situasiya digər insan üçün problem olaraq qavranılmır: 
“Deməli, burada əsas məsələ düşüncəniz, travmalarınız, hadisələrə qarşı olan reaksiyanızdır. Bu halı bir seansa və ya psixoloqun bir kəlməsi ilə motivasiya olunub yoluna davam edilməsi reallığa sığmır. Seansların belə halda olmasının da bir neçə səbəbi var. 

Birincisi, psixoloji xidmət mədəniyyətinin nisbətən yeni formalaşmasıdır. Bəzən psixoloq nə iş görəcəyini düzgün izah edə bilmir. Necə ki, həkim fizioloji prosesə dərman yazarkən nəyin hara təsir edəcəyini izah edir, psixoloq da hansı metodlarla psixoterapevtik yardım göstərəcəyini izah etməlidir”.

Onun sözlərinə görə, digər səbəb cəmiyyətdə hələ də müəyyən stereotiplərin qalması, maliyyə amili və ya özünəqıymama psixologiyasıdır:
“Ən geniş yayılmış yanaşmalardan biri insanların psixoloqa yalnız böhran vəziyyətinə düşdükdən sonra müraciət etməsidir. Bəziləri düşünə bilər ki, “psixoloqa elə böhran zamanı müraciət olunmalıdır.” Əslində isə ən doğru yanaşma problemlərin ilk əlamətləri görünən andan psixoloji dəstək almaqdır. 


Necə ki, diş həkiminə ağrı dözülməz həddə çatanda yox, ilk narahatlıq hiss ediləndə müraciət etmək daha düzgün hesab olunur, psixoloji çətinliklərdə də vəziyyət böhrana çevrilməzdən əvvəl dəstək almaq həm problemi daha asan həll etməyə, həm də onun dərinləşməsinin qarşısını almağa kömək edir”.

Fatimə Bayramova diqqətə çatdırıb ki, psixoloqa müraciət etmək yalnız böhrandan çıxmaq üçün deyil, eyni zamanda psixi sağlamlığı qorumaq, münasibətləri yaxşılaşdırmaq, özünü daha yaxşı tanımaq və həyat keyfiyyətini artırmaq üçün də vacibdir:
“Lakin son illərdə vəziyyət dəyişməyə başlayıb. 2019-cu ildə qəbul edilmiş “Psixoloji yardım haqqında” Qanunu fərdi psixoloji konsultasiya və digər yardım formalarını hüquqi baxımdan tənzimləyir. Qanunda psixoloji yardımın fərdi, ailə və qrup formasında göstərilə biləcəyi açıq şəkildə qeyd olunur. 

Yəni tam olaraq demək olmaz ki, Azərbaycanda fərdi psixoloq anlayışı yoxdur. Bu anlayış artıq mövcuddur, sadəcə hələ geniş yayılmayıb. Bəzi insanlar uzun illər eyni psixoloqla əməkdaşlıq edir, onu ailə üzvlərinə və yaxınlarına tövsiyə edir, hətta illərlə fasilə yaransa belə, ehtiyac yarandıqda yenidən həmin mütəxəssisə müraciət edirlər”.

Psixoloq fikirlərini belə yekunlaşdırıb:
“Lakin bu yanaşma hələ cəmiyyətin böyük hissəsi üçün ənənəyə çevrilməyib. Hazırda insanların əksəriyyəti psixoloqa daha çox konkret problem və ya böhran vəziyyəti yarandıqda müraciət edir. Bununla belə, psixoloji maariflənmənin artması ilə fərdi və uzunmüddətli psixoloji müşayiət mədəniyyətinin də getdikcə daha geniş yayılacağı ümidim var”.

Pərviz

0