Günvurmadan necə qorunmalıyıq?

SAĞLAMLIQ
14:00 / 22.07.2026
37

Yüksək temperaturun hökm sürdüyü yay günlərində insanların sağlamlığı üçün ən ciddi təhlükələrdən biri orqanizmin həddindən artıq istiyə məruz qalmasıdır. 

Günəş altında uzun müddət qalmaq bədənin istilik balansını poza və həyati risk yaradan vəziyyətlərə səbəb ola bilər. Belə halların qarşısını almaq üçün risk amillərini, xəbərdaredici əlamətləri və qorunma üsullarını bilmək böyük əhəmiyyət daşıyır. 

Bəs günvurma baş verdikdə hansı addımlar atılmalı və zərərçəkənə ilk yardım necə göstərilməlidir?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, günvurma orqanizmin uzun müddət birbaşa günəşin təsiri altında qalması nəticəsində yaranan təhlükəli vəziyyətlərdən biridir:


“Bu proses zamanı ultrabənövşəyi şüalar orqanizmdə istilik yükünü artırır, nəticədə baş beynin normal fəaliyyəti və qan dövranı pozula bilər. Günvurma və ya isti vurması baş verən şəxsin ilk olaraq günəş altında saxlanılması düzgün deyil. Zərərçəkən dərhal kölgəli və sərin mühitə aparılmalı, bədən temperaturunun aşağı salınması üçün yaş dəsmal və ya sərin kompresdən istifadə edilməlidir. Xüsusilə baş və alın nahiyəsinin soyudulması vacib hesab olunur”.

Həkim diqqətə çatdırıb ki, ilkin yardım göstərildikdən sonra isə tibbi yardımın alınması gecikdirilməməlidir:
“Çünki belə hallarda ilk dəqiqələrdə görülən tədbirlər sonrakı fəsadların qarşısını almaqda mühüm rol oynayır. Günəş şüalarının ən güclü olduğu vaxtlarda açıq havada uzun müddət qalmaq, xüsusən də baş örtüyü olmadan gəzmək ciddi risk yaradır. 

Saat 12:00-17:00 aralığında çimərlik və digər açıq ərazilərdə olmağı məhdudlaşdırmaq daha məqsədəuyğundur. Zərurət yarandıqda isə kölgəlik yerlərə üstünlük verilməli, gün ərzində kifayət qədər maye qəbul edilməlidir”.

Günel Cəlilova

0