Avtomobilinizin yolla yeganə təmas nöqtəsi olan təkərlər həm sürüş rahatlığınız, həm də birbaşa təhlükəsizliyiniz üçün ən kritik detallardan biridir.
Bəs təkərlərin istismar müddətinin bitdiyini necə anlamaq olar?
İlk növbədə, zaman amilini nəzərə almaq lazımdır. Hətta maşını çox az sürsəniz və təkəriniz təzə kimi görünsə belə, kauçuk zamanla rezin xassəsini, elastikliyini və yolututma qabiliyyətini itirir.
Ona görə də optimal istifadə müddəti təkər istehsal olunduğu gündən etibarən 5-6 ildir. Maksimum istifadə üçün son hədd isə 10 ildir. Unutmayın ki, 10 ildən köhnə təkərlərlə yola çıxmaq böyük riskdir.
Müddəti necə hesablayaq?
Bunun üçün təkərin yan tərəfindəki DOT koduna baxın. Məsələn, orada “2521” yazılıbsa, bu təkər 2021-ci ilin 25-ci həftəsində istehsal olunub. Həmçinin, yürüş məsafəsi ilə də hesablamaq olar. Hətta aktiv sürüş edənlər üçün əsas meyar qət edilən məsafədir.
Keyfiyyətli bir təkər komplekti ortalama 40,000 – 60,000 kilometr arası xidmət edir. Lakin sürüş üslubunun təsiri istismar müddətinə təsir göstərə bilər. Yəni aqressiv sürüş, tez-tez qəfil tormozlama və ya bərbad yollar bu rəqəmi 25,000 – 30,000 kilometrə qədər endirir.
Başqa hansı yollar var?
Təkərinizi dəyişməyə vadar edən ən konkret siqnallar vizual olaraq özünü göstərir. Qanunla minimum protektor dərinliyi 1.6 mm müəyyən edilib. Lakin təhlükəsizlik üçün yay təkərlərində 3 mm, qış təkərlərində isə 4 mm qaldıqda artıq yenisi ilə əvəzləmək lazımdır.
Bundan əlavə, təkərin yan tərəflərində xırda çatların əmələ gəlməsi rezinin qocaldığını və tezliklə dağıla biləcəyini göstərir. Eyni zamanda, təkərin kənarında hər hansı bir qabarma varsa, o təkərin daxili kordu zədələnib. Bu isə o deməkdir ki, hər an partlaya biləcəyi üçün təcili dəyişdirilməlidir.
Mövsümi faktoru da unutmayın
Belə ki, yay təkərləri +7°C-dən aşağı temperaturda sərtləşir və tormoz məsafəsi uzanır. Qış təkərləri isə +7°C-dən yuxarı temperaturda həddindən artıq yumşalır və resursunu çox sürətlə bitirir. Daha dəqiq desək, mövsümə uyğun təkər istifadə etmək hər iki dəstin ömrünü ikiqat uzadır.
Təkərlərin istifadə müddətini uzatmaq üçün 3 qızıl qayda
Hər 8,000 – 10,000 kilometrdən bir ön və arxa təkərlərin yerini dəyişin. Çünki mühərrik ön tərəfdə olduğu üçün qabaqdakı təkərlər daha tez yeyilir. Bundan əlavə, ayda bir dəfə təkər təzyiqini yoxlayın. Az və ya çox hava yeyilməni sürətləndirir. Həmçinin, razval-balansı vaxtında etdirin. Xüsusilə sükan əsdikdə və ya maşın yana çəkdikdə mütləq servisə baş çəkin.
Təkərlərinizi hər 5 ildən və ya 50,000 kilometrdən bir və ya protektor dərinliyi 3 mm-dən aşağı düşdükdə yeniləmək ən doğru addımdır. Unutmayın, təkər sadəcə rezin parçası deyil, sizin və sevdiklərinizin yolla olan yeganə bağınızdır.
Pərviz


